Qazlift Kompressor Stansiyasının inşası başa çatmaq üzrədir

Qazlift Kompressor Stansiyasının inşası başa çatmaq üzrədir

"Günəşli" yatağında quraşdırılması nəzərdə tutulan Qazlift Kompressor Stansiyasının inşası artıq başa çatmaq üzrədir. SİA Dövlət Neft Şirkətinə istinadən verdiyi xəbərə görə, inşaat işlərinin sifarişçisi "Azneft" İstehsalat Birliyinin 28 May adına Neft Qazçıxarma İdarəsi, podratçısı isə "Neftqaztikinti" Trestidir.

Dənizin 87 metr dərinliyində quraşdırılacaq stansiyanın məhsuldarlığı 3 milyon kubmetr/gün təşkil edir. Hər birinin çəkisi 6000 ton olan piramida tipli 2 dayaq blokundan ibarət stansiyada artıq 8 ədəd kompressor, 2 ədəd hava soyuducusu, 12 ədəd qaztənzimləyici, quruducu, hava qəbuledicisi, 1 ədəd dizel mühərrikli generator, 2 ədəd transfarmator, 12 ədəd idarəetmə otağı, eyni zamanda daşıyıcı göyərtə, 4 ədəd metal lövhə və həmin lövhələr üzrə müxtəlif diametrli boru xətləri quraşdırılıb.

Qazlift Kompressor Stansiyası istismara verildikdən sonra "Günəşli" yatağındakı platformalarda qazlift sistemi tənzimlənəcək, eləcə də atmosferə atılan qazların yığılaraq nəql olunması həyata keçiriləcək.

Hazırda stansiyada son tamamlama işləri aparılır. Tikinti-quraşdırma işlərinin yaxın vaxtlarda başa çatdırılması nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə