Etilen-polietilen zavodunun iş sahəsi əsaslı təmir və yenidənqurmadan sonra istismara buraxılıb
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azərikimya" İstehsalat Birliyinin etilen-polietilen zavodunun ilin əvvəlindən fəaliyyəti dayandırılmış mütləqləşdirilmiş izopropil spirti sahəsi əsaslı təmir və yenidənqurma işlərindən sonra istismara buraxılıb.
Birliyin mətbuat xidmətindən verilən məlumata görə, sahədə 3 ədəd kalon istisna olmaqla, demək olar ki, bütün qurğu və avadanlıqlar yenidən qurulub, yeni operator binası tikilib.
Bundan əlavə, sahənin hazır məhsulun saxlanılması və yüklənməsi şöbəsində 600 kubmetr həcmli tutumların bütün əlaqə xətləri yeniləri ilə əvəz olunub, yeni nasos stansiyası inşa edilib, doldurma və boşaltma estakadası quraşdırılıb.
Məlumatda deyilir ki, etilen-polietilen zavodunun və təmir-tikinti idarəsinin aparıcı təmir briqadalarının cəlb olunduqları, nəqliyyat və xüsusi texnika idarəsinin müvafiq maşın və mexanizmlərinin dəstəyindən istifadə edildiyi yenidənqurma işləri "Azərikimya" İstehsalat Birliyi mütəxəssislərinin və müəssisənin mühəndis-texniki işçilərinin ciddi nəzarəti altında, texniki təhlükəsizlik qaydalarına tam riayət edilərək həyata keçirilir. Hazırda qurğularda izolyasiya və rəngləmə işləri uğurla davam etdirilir, sahənin daxili ərazisində abadlıq-yaşıllaşdırma işləri həyata keçirilir.
Sahənin yenidən qurulması işçilərin əmək şəraitinin yaxşılaşması ilə bərabər, istehsal prosesinə heç bir xələl gətirmədən 2 ədəd kalonun və 10 ədəd nasosun istismardan çıxarılması nəticəsində xeyli miqdarda enerjidaşıyıcılara qənaət olunmasına zəmin yaradacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB