Zakir Qaralov: “Azərbaycanda korrupsiyaya qarşı islahatlar uğurla davam etdirilir”

Zakir Qaralov: “Azərbaycanda korrupsiyaya qarşı islahatlar uğurla davam etdirilir”

"Azərbaycanda korrupsiyaya qarşı mübarizədə güclü siyasi iradəyə əsaslanmaqla, beynəlxalq təcrübə nəzər alınaraq sistemli şəkildə mütərəqqi antikorrupsiya qanunvericilik bazası formalaşdırılıb, mühüm institusional tədbirlər həyata keçirilib və bu islahatlar bu gün də uğurla davam etdirilir". SİA-nın xəbərinə görə, bu sözləri Baş prokuror Zakir Qaralov Bakıda keçirilən beynəlxalq konfransda çıxış edərkən deyib.

Baş prokuror Azərbaycanın mayın 14-dən etibarən Avropa Şurası Nazirlər Komitəsinə sədrlik etdiyini xatırladaraq vurğulayıb ki, bu, Avropa dəyərlərinə sadiqlik nümayiş etdirən, dünyada nüfuzu gündən-günə artan, demokratik imici daha da möhkəmlənən, ümumavropa dəyərləri xəzinəsinə mühüm töhfələr verən Azərbaycan üçün əlamətdar hadisədir: "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa Şurası Parlament Assambleyasının iclasında korrupsiyaya qarşı mübarizənin Azərbaycanın AŞ Nazirlər Komitəsinə sədrlik edəcəyi müddət üçün əsas prioritetlərdən birini təşkil edəcəyini və qabaqcıl Avropa ölkələrinin müsbət təcrübəsindən istifadənin beynəlxalq əməkdaşlığın mühüm istiqaməti olduğunu xüsusi vurğulayıb. Nazirlər Komitəsinə sədrlik müddətində ölkəmizdə keçirilməsi nəzərdə tutulan 18 mühüm tədbirdən birincisi olan, Azərbaycan Respublikası və Avropa Şurasının birgə təşkilatçılığı, GRECO və Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının iştirakı ilə təşkil edilmiş bu konfrans zamanı əldə ediləcək müsbət təcrübə və biliklər, habelə konfransın nəticələri korrupsiyaya qarşı mübarizə işinin yeni müstəviyə çıxarılmasına təkan verəcək. Konfransın işində Avropa Şurasına daxil olan 35 ölkədən 130-dan çox nümayəndə, o cümlədən ədliyyə nazirləri, Baş prokurorlar, ixtisaslaşmış antikorrupsiya qurumlarının rəhbərləri, 13 nüfuzlu beynəlxalq təşkilat, eyni zamanda korrupsiyaya qarşı mübarizə sahəsində uğurlar qazanmış ölkələrin müsbət təcrübələrini bölüşmək məqsədi ilə dəvət edilmiş, bu sahədə ixtisaslaşmış qurumların rəhbərləri, habelə dövlət qurumlarının və QHT-lərin nümayəndələri iştirak edirlər. Bu konfrans həm regional, həm də qlobal səviyyədə əməkdaşlığın bundan sonra dərinləşməsinə zəmin yaradacaq, dünyada korrupsiyaya qarşı mübarizə sahəsində proseslərə öz töhfəsini verməklə mühüm görüş yeri olduğunu sübuta yetirə biləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə