Ramiz Mehdiyev: “Korrupsiyaya qarşı mübarizədə Azərbaycanda gözəl təcrübə qazanılıb”

Ramiz Mehdiyev: “Korrupsiyaya qarşı mübarizədə Azərbaycanda gözəl təcrübə qazanılıb”

Bu gün Bakıda Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi ilə əlaqədar Azərbaycan Hökuməti və Avropa Şurası tərəfindən Avropa Şurasının Korrupsiyaya Qarşı Mübarizə Aparan Dövlətlər Qrupu (GRECO) və Beynəlxalq Antikorrupsiya Akademiyasının (IACA) iştirakçılığı ilə "Korrupsiyaya qarşı mübarizə: beynəlxalq standartlar və milli təcrübələr" mövzusunda beynəlxalq konfrans keçirilir.

SİA-nın xəbərinə görə, Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi ilə əlaqədar Azərbaycan hökuməti və Avropa Şurası tərəfindən Avropa Şurasının Korrupsiyaya Qarşı Mübarizə Aparan Dövlətlər Qrupu (GRECO) və Beynəlxalq Antikorrupsiya Akademiyasının (IACA) iştirakçılığı ilə keçirilən tədbirdə Avropa Şurasına üzv ölkələrin hüquq-mühafizə orqanlarının, müstəqil antikorrupsiya qurumlarının və mötəbər beynəlxalq təşkilatların 130-dan artıq yüksək vəzifəli nümayəndəsi, Prezident Administrasiyası, Milli Məclis, Nazirlər Kabineti, Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiya, Mərkəzi icra hakimiyyəti orqanları, Baş Prokurorluq, habelə ölkəmizin digər hüquq-mühafizə orqanları, ali təhsil müəssisələri, qeyri-hökumət təşkilatları və beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin 100-dən artıq əməkdaşı iştirak edir.

Tədbirdə çıxış edən Prezident Administrasiyasının rəhbəri, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın sədri, akademik Ramiz Mehdiyev konfrans iştirakçılarını salamlayaraq qeyd edib ki, korrupsiyaya qarşı mübarizədə bir çox ölkələrdə, o cümlədən Azərbaycanda gözəl təcrübə qazanılıb.

Onun sözlərinə görə, Prezidentin sərəncamları ilə ölkədə mühüm qurumlar yaradılıb: "Buna misal olaraq Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi, eləcə də "ASAN xidmət"in adlarını çəkmək olar. "ASAN xidmət" çox unikal qurumdur. Gələn qonaqlar böyük məmnuniyyətlə qurumu müşahidə edib və öz gözəl fikirlərini səsləndiriblər ki, Azərbaycanda həqiqətən çox güclü sistem yaranıb. Azərbaycan vətəndaşları bu qurumdan istifadə etmələri ilə bağlı öz razılıqlarını bildiriblər".

Qeyd edək ki, konfransda Türkiyə, Albaniya, Moldova, Xorvatiya, Gürcüstan Respublikalarının, Monako və Lixtenşteyn Knyazlıqlarının Baş prokurorları, Bosniya və Herseqovina, Albaniya, Xorvatiya Respublikalarının Ədliyyə nazirləri, Fransa, Polşa, Litva, Makedoniya və Serbiyanın ixtisaslaşdırılmış antikorrupsiya qurumlarının rəhbərləri, Avropa Şurasının İnsan Hüquqları və Hüquqi Məsələlər üzrə Baş İdarəsinin direktoru, GRECO-nun Prezidenti, IACA-nın İcraçı Katibi, Beynəxalq Prokurorlar Assosiasiyasının (IAP) Prezidenti, Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının (IAACA) Baş Katibi və digərləri təmsil olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə