“Günəşli” yatağındakı 11-ci özüldə yenidənqurma işləri aparılacaq

“Günəşli” yatağındakı 11-ci özüldə yenidənqurma işləri aparılacaq

"28 May" neft və qazçıxarma idarəsinin istismar etdiyi "Günəşli" yatağındakı 11 nömrəli dərin dəniz özülünün genişləndirilmiş hissəsində əlavə dörd istismar quyusunun qazılması məqsədilə yenidənqurma işlərinin aparılması nəzərdə tutulmuşdur.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin mətbuat xidmətindən bildirmişlər ki, artıq bu məqsədlə "Neftqazelmitədqiqatlayihə" İnstitutunda layihələndirmə işlərinə başlanılmışdır. Layihələndirmə işlərinin cari ilin sonuna kimi başa çatdırılması nəzərdə tutulmuşdur. Layihənin baş podratçısı "Neftqaztikinti" Trestidir.

Məlumatda bildirilir ki, dənizin 92 metr dərinliyində yerləşən 11 nömrəli özüldə yeni monifold bloklar yığılaraq nəql xətləri texnoloji sxemə birləşdiriləcəkdir. Qazma avadanlığının yerləşdirilməsi üçün özüldə müvafiq konstruksiyalar quraşdırılacaqdır. Görülən işlərdən sonra quyulardan ümumilikdə sutkada 100 ton neft, 260 min kubmetr qaz və 20 ton kondensat hasil edilməsi planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə