Nazir İranın birinci vitse-prezidenti ilə görüşüb FOTO

Nazir İranın birinci vitse-prezidenti ilə görüşüb FOTO

İran İslam Respublikasında rəsmi səfərdə olan Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bu ölkənin birinci vitse-prezidenti İshaq Cahangiri ilə görüşüb. Nazirlikdən SİA-ya verilən xəbərə görə, görüşdə İshaq Cahangiri bildirib ki, İran öz xarici siyasətində qonşu dövlətlərlə, xüsusilə Azərbaycan ilə münasibətlərə xüsusi önəm verir.

O qeyd edib ki, iki ölkə arasında mədəni, tarixi və dini dəyərlər mövcuddur və bu dəyərlər dövlətlərin qardaşlıq əlaqələrinin daha da genişlənməsinə yol açır: "Ölkələr arasında ticarət dövriyyəsinin həcminin yüksəldilməsi üçün zəruri addımlar atılmalıdır".

Azərbaycan Prezidentinin İrana səfərinə toxunan birinci vitse-prezident qeyd edib ki, səfər zamanı iki dövlət arasında çox faydalı sənədlər imzalanıb: "Azərbaycan və İran prezidentlərinin apardıqları müzakirələr əlaqələrin dərinləşməsinə böyük imkan yaradıb. Bu səfər rəsmi Tehran ilə Bakı arasındakı münasibətlərdə yeni səhifə açıb".

Ə. Abbasov İranın Azərbaycanın ərazi bütövlüyü və suverenliyi ilə bağlı mövqeyinə görə minnətdarlığını bildirib. Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat verən nazir deyib ki, məsələnin sülh yolu ilə həll olunması üçün fəaliyyət göstərən vasitəçilərin missiyası hələ ki, heç bir nəticə verməyib.

İranda keçirdiyi görüşlərdən və apardığı danışıqlardan məmnun qaldığını vurğulayan Ə. Abbasov deyib ki, rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində özəl sektorun təmsilçiləri də var və onlar iranlı həmkarları ilə iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi imkanlarını araşdırırlar: "Yaxın vaxtlarda Bakıda Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə dövlətlərarası müştərək komissiyanın iclası keçiriləcək və bu iclasda ticarət dövriyyəsinin artırılması məsələsinə baxılacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə