May ayında İES-dən 377,6 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilib
Ümummilli Lider Heydər Əliyevin adı ilə qırılmaz tellərlə bağlı olan, respublikada istehsal edilən elektrik enerjisinin 40 faizinə yaxınını istehsal edən "Azərbaycan İstilik Elektrik Stansiyası"nda (İES) həmişə olduğu kimi, cari ilin ötən 5 ayında da enerji blokları və avadanlıqlarda dayanıqlı və qənaətli iş rejimi təmin olunmuş, dispetçer qrafikinə uyğun elektrik enerjisi istehsalı davam etdirilib.
SİA-nın xəbərinə görə, "Azərenerji" ASC-nin Elektrik Enerjisinin İstehsalı İdarəsindən səhmdar cəmiyyətin (SC) Mətbuat xidmətindən daxil olan məlumata görə, stansiyada cari ilin may ayında 377,6 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilib. Ötən aylarda olduğu kimi cari ilin 5 ayında da əzmkarlıqla fəaliyyət göstərilmiş, sözügedən dövr ərzində stansiyada 3 milyard 109 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilib.
Qeyd edək ki, avadanlıqların iş səmərəliliyinin artırılması, enerjinin ötürülməsi və paylaşdırılması sistemlərinin dayanıqlı, sabit işləməsi və istismar səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində elektrik enerji istehsalının digər texniki göstəricilərində də yüksək nəticələr əldə edilib. Cari ildə nəzərdə tutulan təmir-bərpa işləri barədə məlumat verən mənbə onu da qeyd etdi ki, cari ilin iyun ayının əvvəllərində 5 saylı enerji blokunda yenidənqurma işləri uğurla başa çatdırılıb.
Mənbədən onu da bildiriblər ki, respublika enerji sisteminin bütün sahələrində olduğu kimi, "Azərbaycan" İES-in də normal fəaliyyətini davam etdirməsi üçün, tərtib edilmiş təmir qrafikinə uyğun olaraq son üç ay ərzində iki blokda təmir işləri başa çatdırılıb, 330 və 500 kV-lik yarımstansiyalarda, eyni zamanda digər köməkçi istehsalat sahələrində avadanlıq, bina və qurğularda təmir-profilaktika işlərinin aparılması nəzərdə tutulmuş və hazırda bu işlər davam etdirilir. Yeri gəlmişkən, hazırda stansiyada dispetçer yük qrafikinə uyğun olaraq sutka ərzində orta hesabla 10-12 milyon kilovatsaat elektrik enerjisi istehsal edilir. Enerji bloklarından üçündə isə təmir işləri davam etdirilir.
Sonda onu da qeyd edək ki, burada yay mövsümünə hazırlıqla əlaqədar olaraq yanğına qarşı təhlükəsizlik tədbirləri gücləndirilib. Bununla əlaqədar olaraq stansiyadaxili yanğınsöndürmə su xətləri və nasosxana, həmçinin avtomatik yanğınsöndürmə sistemləri saz vəziyyətə gətirilib, ilkin yanğınsöndürmə vasitələrinə baxış keçirilmiş, aşkar edilmiş nasazlıqlar aradan qaldırılıb. Ümumiyyətlə, müntəzəm olaraq yanğın təhlükəli obyektlərə baxış keçirilir və aşkar edilən ən xırda nasazlıqlar aradan qaldırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB