Bu gün Elmi-Tədqiqat Əkinçilik İnstitutunun Tərtər Bölgə Təcrübə Stansiyasında "Taxılçılıqda yeni sortlar və müasir becərmə texnologiyaları" mövzusunda ümumrespublika tarla müşavirəsi keçirilmişdir.
Tədbirdə Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm Mərkəzinin, Respublika Dövlət Toxum Müfəttişliyinin, Elmi-Tədqiqat Əkinçilik İnstitutunun əməkdaşları, ərazi kənd təsərrüfatı idarələrinin, regional aqrar elm mərkəzlərinin nümayəndələri, ətraf rayonların toxum müfəttişləri, bitki mühafizə stansiyalarının rəisləri, Dövlət Aqrar Universitetinin tələbələri, taxıl toxumçuluğu ilə məşğul olan qabaqcıl fermerlər iştirak etmişlər.
Müşavirədə çıxış edən Aqrar Elm Mərkəzinin baş direktoru Əsəd Musayev kənd təsərrüfatının ölkə iqtisadiyyatındakı rolu, kənd təsərrüfatı bitkilərindən yüksək məhsuldarlıq və keyfiyyət göstəricilərinin əldə olunmasında toxumçuluğun düzgün təşkili, keyfiyyətli toxumun kənd təsərrüfatı məhsulu istehsalçılarının həyatında və ölkə iqtisadiyyatına göstərdiyi müsbət təsir və digər məsələlərdən danışmışdır.
Elmi-Tədqiqat Əkinçilik İnstitutunun direktoru Cavanşir Təlainin "Əkinçilik İnstitutunun seleksiya nailiyyətləri və yeni taxıl sortlarının üstünlükləri" mövzusunda çıxışı dinlənilmişdir. Bildirmişdir ki, cari ildə Elmi-Tədqiqat Əkinçilik İnstitutunun bölgələrdəki təcrübə bazalarında seleksiyaçı alimlərin nəzarəti altında yumşaq və bərk buğdanın, arpanın 20-yə qədər rayonlaşmış sortlarının 1300 tonadək orijinal, super-elit və elit toxumların istehsalı gözlənilir. İstehsal olunacaq elit toxumlar kvotaya uyğun olaraq Kənd Təsərrüfatı Nazirliyinin bölgüsü əsasında dövlət və özəl toxumçuluq təsərrüfatlarına veriləcəkdir.
Qeyd olunmuşdur ki, bu gün institutun bitki seleksiyası proqramının rəhbəri, akademik Cəlal Əliyevin rəhbərliyi altında yaradılmış yumşaq buğdanın "Azəri", "Əzəmətli 95", "Qobustan", "Aran", "Tale 38", "Qırmızıgül 1", "Murov 2", "Zirvə 85", bərk buğdanın "Bərəkətli 95", "Qarabağ" və arpanın "Qarabağ 22", "Cəlilabad 19", "Baharlı" sortları respublikada geniş əkin sahələrinə malikdir.
Tədbirdə Respublika Dövlət Toxum Müfəttişliyinin rəis müavini Möhtəsim Əhmədov "Toxumların sortluq və səpin keyfiyyətinin sertifikatlaşdırılmasında Respublika Dövlət Toxum Müfəttişliyinin qarşısında duran vəzifələr" mövzusunda çıxış etmişdir.
Müşavirədə Əkinçilik İnstitutunun şöbə müdiri İmran Cümşüdov iqlim dəyişkənliyi şəraitində resurs mühafizəedici texnologiyaların əhəmiyyətindən bəhs edərək toxum normasını 50 faiz azaldan, suvarma suyuna 25-30 faiz qənaət edən, verilmiş gübrələrin və alaqlara qarşı mübarizənin səmərəliliyin artıran, xəstəlik və zərərvericilərin inkişafına mənfi, kondisiyalı toxum çıxımına müsbət təsir edən tirəyə əkin texnologiyasının üstünlükləri haqqında slaydlar vasitəsilə tədbir iştirakçılarına məlumat vermişdir. Bildirmişdir ki, stansiyada arpa biçildikdən dərhal sonra heç bir şum aparılmadan sıfırbecərmə tətbiq edilərək ikinci məhsul üçün qarğıdalı, günəbaxan və darı bitkiləri səpilir. İkinci məhsul üçün yeni texnologiyanın tətbiqi ölkənin ərzaq təhlükəsizliyinin təmin olunması, kənd təsərrüfatı məhsulu istehsalçılarının maliyyə vəziyyətinin yaxşılaşdırılması baxımından olduqca vacibdir.
Sonra müşavirə iştirakçıları Tərtər Bölgə Təcrübə Stansiyasında tətbiq edilmiş yeni taxıl sortlarına və texnologiyalara baxış keçirmişlər. Stansiyanın direktoru Mehman Babayev, Əkinçilik İnstitutunun seleksiyaçı alimi Abidin Abdullayev iştirakçılara stansiyada dənli bitkilərlə aparılan seleksiya işlərinin həcmi, rayonlaşmış taxıl sortlarının üstünlükləri haqqında məlumat vermişlər. Bildirilmişdir ki, ənənəvi üsuldan fərqli olaraq taxıl "tirə" üsulu ilə əkin zamanı toxuma qənaət olunur, torpaqda nəmlik uzun müddət qalır, su məsrəfi azalır. Buğda biçini başa çatdıqdan sonra həmin sahələrə heç bir şumlama aparılmadan qarğıdalı, soya və digər bitkilər əkilir. Torpaqlardan səmərəli istifadə edilməsi məqsədilə aparılan bu üsulla bir ildə eyni torpaqdan iki dəfə məhsul götürülür.
Müşavirənin sonunda alimlər və fermerlər arasında fikir mübadiləsi aparılmışdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB