Azərbaycanla Macarıstan arasında sahibkarlığın inkişafı ilə bağlı müzakirələr aparılb FOTO

Azərbaycanla Macarıstan arasında sahibkarlığın inkişafı ilə bağlı müzakirələr aparılb FOTO

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev Macarıstan Sahibkar və İşəgötürənlər Assosasiyasının vitse prezidenti cənab Peter Lörincze görüşərək, iki ölkənin sahibkarlıq təşkilatlarının fəaliyyətini müzakirə ediblər.

ASK-ın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, ölkəmizdə uğurla həyata keçirilən sosial-iqtisadi islahatlar nəticəsində Azərbaycanda sahibkarlıq fəaliyyətinin genişləndiyi barədə geniş məlumat verən ASK-nın prezidenti Məmməd Musayev bildirib ki, əlverişli biznes və investisiya mühitinin formalaşmasının real nəticəsi olaraq ölkəmiz artıq investisiya ixrac edən ölkəyə çevrilib. M.Musayev macar assosasiyasını fəal əməkdaşlığa dəvət edərək, bundan sonra konkret iş görməyin vaxtı çatdığını dilə gətirib. İki ölkə sahibkarlarının qarşılıqlı əməkdaşlıq etməsi üçün ASK-nın körpü rolunu oynayacağını əminliklə qeyd edib.

Ölkə iqtisadiyyatının inkişafı istiqamətində milyonlarla dəyəri olan investisiyalar yatırılır ki, bazarda macar sahibkarlar da bu imkanda bəhrələnə bilərlər. M.Musayev nəinki Azərbaycan bazarına, o cümlədən qonşu ölkələrin bazarına macar şirkətlərinin məhsullarının çıxarılmasına dəstək göstərəcəklərini də istisna etməyib.

ASK-nın tərkibində fəaliyyət göstərən Biznes Konsaltinq MMC-nın xarici şirkətlərin ölkəmizdə qeydiyyatdan keçməsinə köməklik göstərdiyini deyən M.Musayev macar iş adamlarını azərbaycanlı sahibkarlarla sənaye, kənd təsərrüfatı, inşaat, turizm və digər sahələrdə layihələri birgə müzakirə etməyə və əlaqələri daha da genişləndirməyə dəvət edib.

M.Musayev iki ölkə arasında siyasi münasibətlərin yüksək səviyyədə olduğunu, iqtisadi əlaqələrin uğurla inkişaf etdiyini vurğulayıb. Bildirilib ki, dövlət başçılarının qarşılıqlı səfərləri, aparılan müzakirələr, imzalanmış sənədlər əlaqələrin inkişafına təkan verib. İqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin genişlənməsi Azərbaycan-Macarıstan əməkdaşlığının hərtərəfli inkişafının real göstəriciləridir. Hazırda iqtisadiyyatın müxtəlif sahələri üzrə əməkdaşlıq, eləcə də ticarət əlaqələri yüksələn xətt üzrə inkişaf edir. Belə ki, işgüzar dairələrin iştirakı ilə keçirilən tədbirlərin iş adamları arasında əlaqələrin yaradılmasına, iqtisadi əməkdaşlığın genişlənməsinə, yeni layihələrin icrasına və biznes təşəbbüslərin inkişafına real zəmin yaradıb. Qeyd olunub ki, Macarıstan şirkətləri Azərbaycanda əsasən kənd təsərrüfatı və xidmət sahələrində uğurla fəaliyyət göstərirlər.

Macar Sahibkarlar Assosasiyasının vitse prezidenti Peter Lörincze ölkəmizdəki dinamik iqtisadi inkişafdan məmnunluğunu ifadə edib. P.Lörincze əlaqələrin bundan sonra da davamlı olaraq inkişaf edəcəyinə əminliyini bildirib, iş adamları arasında əlaqələrin Macarıstan-Azərbaycan iqtisadi-ticarət əməkdaşlığının inkişafına təkan verəcəyini vurğulayıb. Macarıstan iqtisadiyyatı, ölkəsinin biznes və investisiya imkanları barədə məlumat verən qonaq macar şirkətlərinin kənd təsərrüfatı, səhiyyə, turizm, enerji sahələrində əməkdaşlıqda maraqlı olduğunu diqqətə çatdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə