Bakıda Nəqliyyat, tranzit və logistika sərgisinin açılışı olub

Bakıda Nəqliyyat, tranzit və logistika sərgisinin açılışı olub

Bu gün Bakı Ekspo Mərkəzində XIII beynəlxalq nəqliyyat, tranzit və logistika (TransCaspian 2014) IV Xəzər Beynəlxalq Yol infrastrukturu və İctimai nəqliyyat ("Road and Traffic 2014) sərgilərinin açılış mərasimi keçirilib. SİA-nın xəbərinə görə, sərgilərin açılışında çıxış edən nəqliyyat nazirinin müavini Musa Pənahov bildirib ki, son 10 ildə Azərbaycanda nəqliyyat infrastrukturuna 20 mlrd. dollar investisiya yatırılıb.

Onun sözlərinə görə, bu vəsait dəmir yollarının genişləndirilməsi, yeni yolların salınması və mövcud yolların yenidən qurulması, yeni hava limanlarının tikilməsinə, yeni hava gəmilərinin alınması, bir sözlə nəqliyyatın bütün sahələrinə yatırılıb.

Nazir müavini nəqliyyat sektorunda layihələr həyata keçirilməsində nüfuzlu beynəlxalq şirkətlərin də iştirak etdiyini vurğulayaraq, onların da ölkənin bu sektoruna öz töhfələrini verdiklərini bildirib: "Artıq Azərbaycan şirkətləri də xaricdə nüfuz qazanıb və digər ölkələrdən də daha fəal şəkildə layihələrdə iştirak edirlər".

Daha sonra çıxış edən "Iteca Caspian" şirkətinin direktoru Fərid Məmmədov deyib ki, sərgilərdə 16 ölkədən 104 şirkət iştirak edib: "Sərgilərdə Azərbaycan, Gürcüstan, Belarus, Çin, Rusiya, Fransa, Çexiya, Latviya və İsveçrədən, o cümlədən "Access Trans", "Alstom Transport" şirkətləri, Latviya Dəmir Yolları, Gürcüstan Dəmir Yolları və digər nəqliyyat şirkətləri iştirak edirlər. "Road and Traffic 2014" sərgisində isə Azərbaycan, Almaniya, İtaliya, İspaniya, Sinqapur, Türkiyə, Ukrayna, Çexiya və başqa ölkələrin şirkətləri tərəfindən regionun yol infrastrukturunun geniş mənzərəsi təqdim olunublar. "Azəryolservis", Dövlət Avtomobil Nəqliyyatı Xidməti, Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi və bir çox başqa şirkətlər də tədbirə qatılıblar".

Çıxışlardan sonra sərgilərin açılış rəmzi olan qırmızı lent kəsilib. Sonra sərgiyə baxış keçirilib.

Qeyd edək ki, sərgilər 2 gün davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə