Fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı yüksəlib

Fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı yüksəlib

Cari ilin əvvəli ilə müqayisədə fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 4.1 faiz artıb. SİA-nın xəbərinə görə, bu barədə məlumat verən Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev bildirib ki, "2014-cü ilin 5 ayı ərzində 110 minə yaxın sığortaolunan əlavə qeydiyyata alınıb və bu, ölkəmizdəki iqtisadi inkişafın daimi yeni iş yerlərinin açılmasına və qeydiyyatda olan sığortaolunanların sayının artımına birbaşa təsirinin göstəricisidir."

E. Mehdiyev həmçinin bildirib ki, hazırda Azərbaycanda 2 800 mindən artıq sığortaolunana fərdi uçot sistemində fərdi şəxsi hesab açılıb. DSMF-nin fərdi uçot sistemində qeydiyyatda olan hər bir sığortaolunan özü üçün sosial sığorta haqlarının vaxtında və tam məbləğdə köçürülməsinə nəzarət etmək imkanına malikdir. İstənilən sığortaolunan "Sığortaolunanlara məlumatların verilməsi" adlı elektron xidməti vasitəsilə onun üçün işəgötürən tərəfindən hər ay üzrə ödənilən məcburi dövlət sosial sığortası barədə məlumatları maneəsiz əldə edə və illər üzrə öz pensiya kapitalını izləyə bilər.

Cari ilin iyunun 1-nə olan məlumata əsasən, DSMF-nin fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 58.8 faizi kişi, 41.2 faizi isə qadındır. Fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 22.9 faizini 30 yaşa kimi vətəndaşlar, 24.0 faizini 30-40 yaş aralığında olan vətəndaşlar, 21.8 faizini 40-50 yaş aralığında olan vətəndaşlar, 20.9 faizini 50-60 yaş aralığında olan vətəndaşlar, 10.4 faizini 60 yaşdan yuxarı olan vətəndaşlar təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə