İlin sonunda 2 yeni metrostansiya istifadəyə veriləcək

İlin sonunda 2 yeni metrostansiya istifadəyə veriləcək

"Avtovağzal" stansiyasının tikintisi başa çatdıqdan sonra qatarların getməsi üçün yeni elektrik deposu inşa olunacaq". Bu barədə SİA-ya "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib. O bildirib ki, yeni depo Xocasən qəsəbəsi ərazisində tikildiyi üçün "Xocasən" adlanacaq.

Onun sözlərinə görə, yeni elektrik deposunun tikinti işləri ilə bağlı artıq hazırlıqlara başlanılıb: "Sözügedən deponun tikintisi ilə bağlı "Bakı Metropoliteni" üçün ayrılan ərazidə tikintiyə başlamaq üçün hazırlıq işləri gedir. Bu işlər başa çatdıqdan sonra deponun tikintisinə başlanacaq".

"Dərnəgül" deposunun tikintisi ilə bağlı işlər haqqında məlumat verən N. Paşayev vurğulayıb ki, bu deponun tikintisi ilə bağlı işlər öz qaydasında gedir: "Bakı Metropoliteninə" ayrılan ərazidən qaçqın və məcburi köçkünlər köçürüldükdən sonra işlər qaydasındadır. Bu deponun ərazisində inzibati binalar, kommunikasiya xətləri və perron stansiyaların tikintisi nəzərdə tutulub".

"Memar Əcəmi 2" stansiyasının tikintisinə gəlincə, mətbuat xidmətinin rəhbəri qeyd edib ki, "Memar Əcəmi 2" ilə "Avtovağzal" stansiyası eyni xətt üzərində olduğu üçün onların tikintisi bərabər şəkildə aparılır: "Hər iki stansiya ilin sonunadək istifadəyə veriləcək".

N.Paşayev əlavə edib ki, ilin sonunda həmçinin Elmlər Akademiyası metrosunun II çıxışının da istifadəyə verilməsi nəzərdə tutulub.

Qeyd edək ki, hazırda metropolitenin tərkibində fəaliyyət göstərən Nəsimi-Nərimanov elektrik deposu var.

Bütün xəbərlər Facebook səhifəmizdə