Azər Badamov: “Bu göstərici inkişaf etmiş ölkələrdə belə yoxdur” MÜSAHİBƏ

“Beynəlxalq reytinq agentlikləri Azərbaycanın inkişafını görür və bunu yüksək səviyyədə dəyərləndirir”
Azər Badamov: “Bu göstərici inkişaf etmiş ölkələrdə belə yoxdur” MÜSAHİBƏ

Milli Məclisin Regional Siyasət Komitəsinin üzvü Azər Badamovun SƏS TV-yə müsahibəsi:

- Azər müəllim, qeyri-neft sektorunun və regionlarının inkişafının davamlılığının təmin edilməsi baxımından "Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın əhəmiyyətini necə dəyərləndirmək olar?

- Ümumiyyətlə, son 10 il ərzində ölkəmizdə böyük inkişafa və irəliləyişlərə nail olunub. Ölkəmizin iqtisadi, siyasi məkanında, beynəlxalq arenada qazandığı uğurlar, nailiyyətlər onu deməyə əsas verir ki, cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda Ümummilli Lider Heydər Əliyevin siyasi kursu müvəfəqiyyətlə davam etdirilir. Bu 10 il ərzində Azərbaycan böyük inkişaf yolu keçib. Hətta bəzi ölkələr var ki, onlar bu yolu heç yüz ilə belə keçə bilməyib.

Bu proqram əsasən üç mərhələdən ibarət olub. Proqramın birinci mərhələsi cənab İlham Əliyev tərəfindən 2003-cü ildə qəbul olunub və təsdiq edilib. Bu illər ərzində reallaşan bütün layihələr yüksək səviyyədə həyata keçirilib. Sonradan isə ikinci proqramın qəbul olunması gündəmə gəldi. Həmin proqram isə 2008-1013-cü illəri əhatə edib. Bu iki proqramın həyata keçirilməsi Azərbaycanda insan həyatının səviyyəsini dəyişib və onu müasirləşməyə doğru aparıb. Bununla da böyük investisiya layihələri həyata keçirilib. Həmin proqramların reallaşması Azərbaycan iqtisadiyyatına 150 milyard dollardan artıq investisiya yatırımı gətirib. Hər iki proqramın icrası ölkəmizdə 1 milyon 200 mindən yuxarı yeni iş yeri yaradıb. Bu gün ölkəmizdə işsizliyin səviyyəsi 6 faizdən aşağı düşüb. Bu göstərici inkişaf etmiş ölkələrdə belə yoxdur. Yoxsulluğun səviyyəsi artıq 5 faizə enib. Təbii ki, beynəlxalq reytinq agentlikləri də Azərbaycanın inkişafını görür və bunu yüksək səviyyədə dəyərləndirir.

"Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" da 5 ilə hesablanmış bir proqramdır. Həmin proqramda ölkə vətəndaşlarını düşündürən və gələcəkdə həlli gözlənilən bütün layihələr öz əksini tapıb. Bu qəbul olunmuş proqramla kəndlərin də infrastrukturunun yaxşılaşdırılması və müasirləşdirilməsi nəzərdə tutulur.

- Regionlarda sahibkarlıq fəaliyyəti necə özünün inkişafını lazımi formada qura bilirmi?

- Azərbaycan iqtisadi inkişafının xüsusi bir modeli var. Bu, "Azərbaycan İnkişaf Modeli" adlandırılır. Artıq bu, dünya tərəfindən də qəbul edilib. Təbii ki, bu modelin tərkib hissəsi də qeyri-neft sektorunun inkişafıdır. Qeyri-neft sektorunun inkişafı deyəndə, sahibkarlıq mühiti üçün daha da yeni imkanların yaradılması, biznes mühitinin formalaşdırılması, beynəlxalq miqyasda rəqabətə davamlı məhsulların istehsalı və s. kimi başa düşmək olar. Əlbəttə ki, bu iş həm regionlarda, həm də şəhərlərimizdə yüksək səviyyədə icra olunur. Azərbaycanın ayrı-ayrı şəhərlərində (Sumqayıt Texnologiya Parkı, Gəncədə sənaye şəhərcikləri və s.) yaradılan imkanlar buna nümunə olaraq göstərilə bilər. Dövlətimiz tərəfindən sahiblarlara xüsusi diqqət və qayğı göstərilir. Bunun üçün ölkəmizdə Sahibkarlığa Kömək Milli Fondu (SKMF) da yaradılıb. Bununla da sahibkarlara güzəştli kreditlər verilir. Məhz bunun nəticəsidir ki, işsizlik problemi həll olunur və məhsul bolluğu meydana gəlir. Azərbaycanda artıq neft sektorundan asılılıq birbaşa sahibkarlığın inkişafı sahəsində aradan götürülür. Biz bunu Dövlət büdcəsinin müzakirələrində də qeyd etmişik. Gələcəkdə Azərbaycan iqtisadiyyatının neftdən asıllığı tamamilə aradan götürüləcək. Təbii ki, bunun da əsasında sahibkarlığın inkişafı dayanır.

- Demək olarmı Regionların inkişaf proqramı ölkə iqtisadiyyatının çoxşaxəli inkişafının təmin olunmasında güclü təkanverici faktora çevrilən investisiya qoyuluşunun artmasında da mühüm rol oynayır?

- Əlbəttə, regionlarımıza böyük investisiyalar qoyulub. Təbii ki, investisiyaların həcmi artdıqca o sahələrdə müasirləşmə daha aydın özünü göstərəcək. Hər bir bölgədə həmin bölgənin xüsusiyyətinə uyğun olaraq istehsal sahəsi yaradılacaq və bu istiqamətdə işlər gedir. Ötən illərdə də bu istiqamətdə işlər (yeyinti, turizm sənayesinin inkişafı və s.) aparılıb. Mənim təmsil etdiyim Qusar rayonunda ən böyük turizm layihəsi olan Şahdağ İdman Turizm Kompleksinin tikintisi həyata keçirilir. Təbii ki, belə layihələr mütəmadi olaraq hər bir bölgənin, rayonun xüsusiyyətinə uyğun olaraq davam etdiriləcək. Yəni, biz 5 ildən sonra bunun nəticələrinin şahidi olacayıq.

- Aqrar sektorun inkişafı həm də əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsində əsas rol oynayır. Bu baxımdan bölgələrdə kənd təsərrüfatının inkişafında müsbət nəticələr əldə etmək olurmu?

- Aqrar sektorun inkişafı dövlətimizin prioritet elan etdiyi sahələrdən biridir. Cənab Prezident tərəfindən "Ərzaq Təhlükəsizliyi" haqqında Proqram təsdiq olunub. Həmin proqrama uyğun olaraq, qısa bir müddətdə Azərbaycan kənd təsərrüfatı məhsulları idxal edən ölkədən, ixrac edən ölkəyə çevrilməkdədir. Bu da regionlarda kənd təsərrüfatının inkişafı ilə əlaqədardır. Təkcə ötən il ərzində kənd təsərrüfatında 5 faiz irəliləmə qeydə alınıb. Kənd təsərrüfatının inkişafı ilə əlaqədar bölgələrdə aqro-lizinq təşkilatları yaradılıb. Bu təşkilatlar fermerlərə kənd təsərrüfatı məhsullarının becərilməsi üçün yardımçı təsərrüfatlar olaraq nəzərdə tutulub. Müasir texnikalarla təchiz olunmuş bu təsərrüfatlar güzəştli şərtlərlə fermerlərə xidmət göstərir və s. Təbii ki, bu gün bunun fərd kompensasiyası dövlət tərəfindən ödənilir. Onlar bütün vergilərdən azad olunub ki, öz işlərini, fəaliyyətlərini sərbəst şəkildə qursunlar.

Bütün xəbərlər Facebook səhifəmizdə