Beynəlxalq Xəzər neft və qaz sərgisi əla imkan yaradır

Beynəlxalq Xəzər neft və qaz sərgisi əla imkan yaradır

XXI Beynəlxalq Xəzər neft və qaz sərgisi bizə müasir məhsul növlərinin istehsalı sahəsində yenicə fəaliyyətə başlayan şirkətlərdən biri kimi özümüzü bazarda göstərmək və potensial istehlakçıların tələbatını ödəmək baxımından əla imkan yaradır.

Bu sözləri "Azərtexnolayn" şirkətinin baş direktoru Emruz İsgəndərov müsahibəsində demişdir. Bildirmişdir ki, müəssisəmiz su, qaz və neft boru xətlərinin çəkilməsində, habelə payaların, metal konstruksiyaların və digər tikililərin hazırlanmasında istifadə olunan 400-2000 millimetr diametrli polad boruların istehsalı üzrə ixtisaslaşmışdır. Bu gün iri diametrli borular su təchizatı, bölgüsü və qaz təchizatı kimi müxtəlif sahələrdə getdikcə daha çox istifadə olunur. Bu sərgidə "Azərtexnolayn" şirkəti həm də 400-2400 millimetr diametrli (polad ləvazimatlı) polietilen kanalizasiya borularını, maksimal ölçüsü 2,5x2,5 m olan və paslanmaz metaldan düzəldilən sipərləri, eləcə də plastik ləvazimatları və qaynar qəlibləmə formalarını, o cümlədən su və qaz klapanlarını, ikilaylı və kürəli klapanları, yanğınsöndürmə hidrantlarını, təxliyə təyinatlı hava klapanlarını və lyuk sistemlərini nümayiş etdirir.

Biz belə nüfuzlu neft-qaz sərgisində ilk dəfədir ki, iştirak edirik. Ancaq bundan əvvəl ikinci Xəzər Beynəlxalq su texnologiyaları sərgisində təmsil olunmuşduq. Həmin sərgidə öz məhsullarımızı, o cümlədən müxtəlif növ örtüklərə malik iri diametrli polad boruları uğurla təqdim etmişdik.

Ümid edirik ki, bu sərgi də bizə yeni işgüzar əməkdaşlıq əlaqələri qurmaq baxımından əla fürsət olacaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə