İlin sonunda TANAP-ın tikintisinə başlanılacaq

İlin sonunda TANAP-ın tikintisinə başlanılacaq

2014-cü ilin sonuna qədər Trans-Anadolu qaz kəmərinin (TANAP) tikintisi çərçivəsində bütün tender prosedurlarının tamamlanması planlaşdırılır. SİA-nın xəbərinə görə, bu barədə ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, hazırda tenderlər keçirilir: "Çox güman ki, noyabrda bütün tender prosedurları başa çatacaq və tikinti işlərinə başlanacaq".

TANAP layihəsi "Şahdəniz" yatağından Türkiyə vasitəsilə Avropaya qaz nəqlini nəzərdə tutur.

R. Abdullayev həmçinin Azərbaycanın "Azəri-Çıraq-Günəşli" dəniz neft yataqları blokunun fəaliyyəti ilə bağlı da məlum verib. O bildirib ki, "Azəri-Çıraq-Günəşli" dəniz neft yataqları bloku işlənməyə başladığı vaxtdan indiyədək oradan 360 milyon ton neft hasil olunub.

Onun sözlərinə görə, göstərilən dövrdə blokdan 96 milyard kubmetr qaz hasil olunub: "Proqnozlara görə, blokda neft hasilatının illik həcmi 34-35 milyon ton təşkil edəcək.

ARDNŞ rəhbərinin sözlərinə görə, 2015-ci ildə Azərbaycanda qaz hasilatının həcmi (laylara vurulan qaz həcmləri nəzərə alınmadan) 20 milyard kubmetr olacaq. 2020-ci ildə isə bu göstərici 40 milyard kubmetrə çatacaq. AÇG blokunun işlənməsi üzrə müqavilə 1994-cü ildə imzalanıb. Müqavilə 30 il qüvvədədir. Yatağın sübut edilmiş neft ehtiyatları təxminən bir milyard ton həcmində qiymətləndirilir".

Bütün xəbərlər Facebook səhifəmizdə