Prezident: "TANAP-da ən böyük səhmdar Azərbaycandır"

Prezident: "TANAP-da ən böyük səhmdar Azərbaycandır"

"TANAP-da ən böyük səhmdar Azərbaycandır". SİA-nın xəbərinə görə, bu sözləri Azərbaycan Prezidenti beynəlxalq sərginin açılış mərasimində çıxışı zamanı deyib.

Dövlət başçısının sözlərinə görə, TANAP və TAP Avropaya yeni mənbədən qaz gətirəcək: "İlkin hesablamalara görə, bunun üçün 45 milyard dollar sərmayə nəzərdə tutulub. Azərbaycan həm düşünülmüş siyasət həyata keçirir, həm də maliyyə neft-qaz sektorundan əldə edilmiş gəlirlər xalqın rifah halının yaxşılaşmasına, infrastruktur layihələrə yönəlib. Şəffaflıq bizim üçün ən böyük prioritetdir. Şəffaflıq təmin edilməsəydi, bu qədər vəsait yığa bilməzdik. Biz həm ölkə daxilində həllini gözləyən layihələrə, insanların rifah halının yaxşılaşmasına, həm də TANAP, TAP kimi qlobal layihələrə vəsait sərf edirik. "Şahdəniz-2" layihəsi bundan sonra uzunmüddətli, dayanıqlı inkişafımızı təmin edəcək. Yüzlərlə, minlərlə Azərbaycan şirkəti podratçı kimi çalışacaq, on minlərlə iş yeri açılacaq, qeyri-neft sektoru inkişaf edəcək. Çünki tikinti, quraşdırma layihələrində qeyri-neft sektoru çalışacaq. Azərbaycanın qeyri-neft sektoru hər il ən azı 9-10 faiz artır, iqtisadiyyatın diversifikasiyası təmin edilir. Bu uğurların əsası Əsrin Müqaviləsi və bu beynəlxalq sərginin fəaliyyətə başlaması ilə bağlıdır. Biz bu kapitalı insan kapitalına çevirdik. Təhsil, kosmik sənaye və digər sahələrə qoyulan sərmayə bizi inkişafa aparır. Bizim xarici borcumuz ümumdaxili məhsulumuzun 8 faizini təşkil edir, işsizlik 5 faizdir. Rəqabət qabiliyyətliliyə görə Azərbaycan dünyada 39-cu yerdədir. Zəngin neft və qaz resurslarımız olmasaydı, bundan səmərəli istifadə etməsəydik, bu inkişaf üçün bizə böyük müddət lazım olardı".

Keçən sərgidən sonra "Şahdəniz-2" müqaviləsinin imzalandığını qeyd edən Prezident İlham Əliyev vurğulayıb ki, növbəti sərgiyə qədər də yeni-yeni uğurlara imza atılacaq.

Prezident çıxışının sonunda sərginin gedişatına uğurlar arzu edib.

Bütün xəbərlər Facebook səhifəmizdə