Vüqar Bayramov: “Ermənistan Avrasiya İttifaqında özünə sadəcə sığınacaq axtarır” MÜSAHİBƏ

Vüqar Bayramov: “Ermənistan Avrasiya İttifaqında özünə sadəcə sığınacaq axtarır” MÜSAHİBƏ

İqtisadçı ekspert Vüqar Bayramovun SİA-ya müsahibəsi

- Vüqar müəllim, Avrasiya İttifaqı iqtisadi müqaviləsinin imzalanması üzv dövlətlərə nə vəd edir?

- Avrasiya İttifaqının yaradılması uzun müddətdən bəri müzakirə edilən məsələlərdəndir. Rusiya Avrasiya İttifaqını həm iqtisadi qurum kimi, həm də siyasi layihə kimi təqdim edir. Nəzərə alsaq ki, Avropa Birliyi regionda əhatəsini genişləndirməyə çalışır və "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində regionda həm iqtisadi, həm də siyasi baxımdan Avropaya inteqrasiya meyilləri artıb, o zaman Rusiya Avrasiya İttifaqını formalaşdırmaqla bir növ güc mərkəzini artırmağa çalışır. Birmənalı şəkildə sözügedən ittifaqı yaratmaq ideayası Rusiya tərəfindən gündəmə gətirilib və Moskva bu ideyanı dəstəkləyən əsas tərəflərdən biridir. Birinci mərhələdə Avrasiya İttifaqına Rusiya ilə yanaşı Qazaxstan, Belarus və Ermənistan qoşulur. Burada ölkələrin sayına və iqtisadi strukturuna nəzər yetirsək görərik ki, burada Rusiyanın daha sonra isə Qazaxstanın digər dövlətlərə iqtisadi məsələlərdə təsir imkanları genişdir. Əsas yanaşma isə ondan ibarətdir ki, buraya üzv olan ölkələr arasında iqtisadi inteqrasiyaya, iqtisadi əməkdaşlığa daha çox yer veriləcək. Həmçinin iqtisadiyyatın, iqtisadi siyasətin kordinasiya edilməsi Avrasiya İttifaqının əsas hədəflərindən biridir. Bu ittifaqın yaradılması Ruisyaya qarşı Qərbin xüsusilə də ABŞ-ın sanksiyalarını minimallaşdırmağa, yeni bazarlara daxil olmağa, region ölkələrini iqtisadi və siyasi baxımdan müəyyən qədər təsir dairəsində saxlamağa və region bazarından daha çox faydalanmağa yönəlib. Bunun üçün Avrasiya İttifaqını yaradılmasını gündəmə gətirdi. Bu baxımdan Avrasiya İttifaqı gələcəkdə burada təmsil olunan ölkələrin birbaşa Moskvadan idarə olunmasına gətirib çıxaran bir layihədir.

- Ermənistan da bu ittifaqa üzv olmağa can atır. Onun iqtidsadi resursları olmadığı halda ittifaqa o nə verə bilər?

- Ermənistanın Avrasiya İttifaqına üzv olmasının ilkin versiyası onun Gömrük İttifaqının üzvü olmasıdır. Ermənistan Gömrük İttifaqına qoşulmaqla uzun müddət Avropa Birliyi ilə apardığı danışıqlarda qeyri-diplomatik, qeyri-etik mövqe nümayiş etdirdi. Belə ki, Ermənistan Brüssel ilə Assossativ müqavilənin bağlanması ilə əlaqədar, o cümlədən azad ticarət əlaqələrinin qurulması ilə bağlı Şərq tərəfdaşlığı çərçivəsində danışıqlar aparsa da ötən il Moskvada Gömrük İttifaqına üzv olmağa imza atdı. Bununla da o Avropa Birliyi qarşısında öz inamını tamamilə itirdi. Bu gün regionla bağlı Avropa Birliyində düzənlənən bir çox tədbirlərə Ermənistanın dəvət olunmaması bu ölkənin sərgilədiyi qeyri-etik mövqe səbəb oldu. Bu aspektdən Ermənistan Avrasiya İttifaqına üzv olmağa çalışır. Amma bu ölkənin iqtisadiyyatının kiçik olması buraya üzv olan ölkələrlə müqayisə ediləcək həddə deyil. Nəzərə alsaq ki, Ermənistanda adambaşına düşən ÜDM təxminən 7 min dollara yaxındır və eyni zamanda əhalinin hər üç nəfərdən biri yoxsulluqdan əziyyət çəkir, xarici borcu ÜDM-nin 60 faizinə qədər yüksəlib. Bu acınacaqlı durumda Ermənistanın Avrasiya İttifaqına üzv olması üzv ölkələrin iqtisadiyyatına heç bir tövhə verməyəcək. Burada Ermənistan özünə sadəcə sığınacaq axtarır. Avrasiya İttifaqı Ermənistanı öz sıralarına qoşmaqla özündə heç bir dəyişiklik əldə edə bilməyəcək.

- Müqavilədə energetika, neft sənayesi, kənd təsərüfatı sahələri ilə bağlı öhdəliklərin yer alması narahatedici məqam olduğu iddia edilir. Sizcə bu narahatlıq nə ilə bağlıdır?

- Bu müqavilənin əsas mahiyyəti ondan ibarətdir ki, üzv ölkələr arasında siyasət kordinasiya olunacaq. Bu məsələlərlə bağlı konkret olaraq hər hansı bir müqavilə bağlayan zaman hökmən üzv ölkələrlə bu kordinasiya ediləcək. Burada narahatdoğurucu məqam ondan ibarətdir ki, Qazaxstan neft ölkəsidir və dünyanın aparıcı neft şirkətləri ilə əməkdaşlıq edir. Avrasiya İttifaqından sonra Qazaxstan enerji müqavilələrini digər üzv dövlətlərlə razılaşdırmalı və kordinasiya etməlidir. Təbii ki, burada kordinasiya dedikdə Moskva ilə əlaqələrin tənzimləməsi nəzərdə tutulur. Bütövlükdə siyasətin kordinasiya edilməsindən sonra bu ölkələrin iqtisadi müstəqillikləri sual altına alınır. Burada da müəyyən təhlükələr yarana bilər ki, bu da ölkəlrin iqtisadi müstəqilliyinə mənfi təsir göstərə bilər.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə