Dövlət Proqramı Samuxda müzakirə edildi

Dövlət Proqramı Samuxda müzakirə edildi

Samuxda İqtisadiyyat və Sənaye Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən fevralın 5-də Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasına həsr olunan konfrans"da verilən tapşırıqlar və "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"ndan irəli gələn vəzifələrə həsr olunmuş Konfrans keçirilib.

Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Konfransda İqtisadiyyat və Sənaye Nazirliyinin, Gəncə-Qazax iqtisadi rayonuna daxil olan şəhər və rayonların icra hakimiyyətlərinin, Dövlət Proqramının icraçı təşkilatlarının nümayəndələri və sahibkarlar iştirak edib.

Tədbirdə çıxış edən iqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov dövlət başçısının regionların inkişafına böyük diqqət və qayğı göstərdiyini vurğulayıb, regionların tarazlı inkişafının təmin olunmasında dövlət proqramlarının uğurlu icrasının xüsusi əhəmiyyətini qeyd edib. Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı üzrə dövlət proqramlarının uğurlu icrası əhalinin işgüzar fəallığının artmasına, regionlarda sahibkarlıq fəaliyyətinin daha da genişlənməsinə, infrastruktur layihələrinin həyata keçirilməsinə, beynəlxalq tələblərə cavab verən rəqabət qabiliyyətli və ixrac yönümlü məhsullar istehsal edən yeni müəssisə və obyektlərin yaradılmasına səbəb olub. Əvvəlki dövlət proqramlarının məntiqi davamı olan "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" ölkə iqtisadiyyatının, xüsusilə regionların inkişafında mühüm əhəmiyyətə malikdir. Sahib Məmmədov bu ilin fevralın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə keçirilən "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasına həsr olunan konfrans"da ölkə başçısı tərəfindən verilən tapşırıqların yeni regional Dövlət Proqramının hazırlanması və icrasında xüsusi rolunu vurğulayıb. Hazırda Dövlət Proqramında müəyyənləşdirilən vəzifələr uğurla icra olunur. 2014-cü ilin birinci rübü ərzində də ölkə iqtisadiyyatının dinamik inkişafını davam etdirdiyini vurğulayan Sahib Məmmədov bu dövrdə 29 min yeni iş yerinin və 3 minə yaxın yeni müəssisənin yaradıldığını bildirib.

Qeyd edilib ki, 2014-cü ilin "Sənaye ili" elan olunması ilə əlaqədar ölkə başçısının sərəncamı ilə Tədbirlər Planı təsdiq olunub və bu istiqamətdə İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən müvafiq işlər həyata keçirilir.

Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev regionların inkişafı ilə bağlı dövlət proqramlarının uğurlu icrası nəticəsində bütün bölgələrdə olduğu kimi, Samuxda da infrastruktur təminatının yaxşılaşdığını, sahibkarlıq fəaliyyətinin genişləndirildiyini, yeni istehsal və xidmət müəssisələrinin yaradıldığını bildirib. İcra başçısı çıxışında "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda Samux rayonu üzrə nəzərdə tutulan tədbirlərin uğurla yerinə yetirilməsi üçün qarşıda duran vəzifələrdən danışıb.

İqtisadiyyat və Sənaye Nazirliyinin Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdiri vəzifəsinin icraçısı Elşən Əsədov regionların tarazlı inkişafı sahəsində əldə edilmiş nailiyyətlər və "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda Gəncə-Qazax iqtisadi rayonu üzrə nəzərdə tutulan tədbirlər barədə ətraflı məlumat verib.

Nazirliyin Sənaye şöbəsinin sektor müdiri Əbdül Musazadə çıxışında 2014-cü ilin "Sənaye ili" elan olunması ilə əlaqədar ölkə başçısının sərəncamı ilə Tədbirlər Planının təsdiq olunduğunu vurğulayıb və Tədbirlər Planında nəzərdə tutulan işlər barədə məlumat verib, bu istiqamətdə İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən müvafiq tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb.

Bakı Biznes Tədris Mərkəzinin direktoru Akif Fərruxov sahibkarların maarifləndirilməsi istiqamətində bölgələrdə keçirilən tədbirlər, İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun direktor müavini Emil Qasımov rayonlarda ixtisaslaşma və bu sahədə beynəlxalq təcrübənin ölkə regionlarına tətbiqi imkanları, Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktorunun müavini İlham Əliyev regionlarda həyata keçirilən investisiya layihələrində şirkətin iştirak imkanları barədə məlumat veriblər.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə