Kənd təsərrüfatına 487,9 mln. manat xərclənib

Kənd təsərrüfatına 487,9 mln. manat xərclənib

"2013-cü ildə dövlət büdcəsinin kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi xərcləri üzrə 494,3 mln. manat proqnoza qarşı icra 487,9 mln. manat və yaxud 98,7 faiz olub ki, bu da 2012-ci illə müqayisədə 19,7 mln. manat (4,2 faiz) çoxdur. Bu bölmə üzrə xərclərin dövlət büdcəsinin xərclərində xüsusi çəkisi 2,5 faiz təşkil edib". SİA-nın xəbərinə görə, bunu maliyyə naziri Samir Şərifov parlamentdə cari ilin dövlət büdcəsinin icrası haqqında danışarkən deyib.

Onun sözlərinə görə, dövlət əsaslı vəsait qoyuluşu xərclərindən ayrılan vəsait də (343,9 mln. manat) nəzərə alınmaqla, kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi xərclərinə dövlət büdcəsi xərclərinin 4,3 faizi həcmində və yaxud 831,8 mln. manat vəsait ayrılıb.

Maliyyə naziri onu daq eyd edib ki, funksional təsnifat üzrə həmin xərc bölməsindən kənd təsərrüfatı xərclərinə 464,4 mln. manat və yaxud 2012-ci illə müqayisədə 18,3 mln. manat (4,1 faiz) çox, meşə təsərrüfatı xərclərinə 10,6 mln. manat və yaxud 2012-ci illə müqayisədə 0,5 mln. manat (4,7 faiz) çox, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi xərclərinə 6,4 mln. manat və yaxud 2012-ci illə müqayisədə 0,8 mln. manat (14,3 faiz) çox, hidrometeorologiya tədbirlərinə 6,5 mln. manat və yaxud 2012-ci illə müqayisədə 0,2 mln. manat (2,8 faiz) çox vəsait yönəldilib.

İqtisadi təsnifata uyğun olaraq bu xərc bölməsindən əməyin ödənişinə 88,4 mln. manat və yaxud 2012-ci illə müqayisədə 3,2 mln. manat (3,8 faiz) çox, malların (işlərin və xidmətlərin) satın alınmasına 159,2 mln. manat və yaxud 2012-ci illə müqayisədə 3,6 mln. manat (2,3 faiz) çox, subsidiyalara və cari transfertlərə 132,4 mln. manat və yaxud 2012-ci illə müqayisədə 12,4 mln. manat (10,3 faiz) çox, qeyri-maliyyə aktivlərinin alınmasına (əsas vəsaitlərin, maşın və avadanlıqların, qurğu və digər maddi istehsal obyektlərinin alınmasına, bina və qurğuların tikintisinə və s.) 33,6 mln. manat və yaxud 2012-ci illə müqayisədə 0,7 mln. manat (1,8 faiz) çox, digər xərclərə (istehsalat obyektlərinin əsaslı təmiri və yenidən qurulmasına, icarə və bank xərclərinə) 74,3 mln. manat vəsait yönəldilib.

Bütün xəbərlər Facebook səhifəmizdə