Aydın Hüseynov: "İki Dövlət Proqramı çox uğurla həyata keçirilib"
"Azərbaycanın iqtisadi inkişafında dövlət proqramlarının çox mühüm əhəmiyyəti var. Burada qarşıya qoyulan məqsəd bir proqram şəklində təklif olunur, proqnozlaşdırılır, elmə söykənir, əsaslandırılır və bir metodologiyaya söykənir". Bu fikirləri SİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, hakim partiyanın Qaradağ rayon təşkilatının sədri, iqtisadçı-ekspert Aydın Hüseynov deyib.
A.Hüseynov qeyd edib ki, regionların sosial iqtisadi inkişafı ilə bağlı üç dövlət proqramı qəbul olunub: "Birinci proqram 2004-2009, ikinci 2009-2013 və ən nəhayət 2014-2018-ci illəri əhatə edən dövlət proqramı qəbul olunub. Birinci və ikinci Dövlət Proqramı çox uğurla həyata keçirilib. Birinci proqram qəbul olunarkən başlıca məqsəd o idi ki, regionlar da inkişaf etsin. Çünki Bakı paytaxt olaraq hədsiz yüklənmişdi, insanlar iş yeri ilə əlaqədar, ən azı öz həyat səviyyəsini təmin etmək məqsədi ilə Bakıda məskunlaşırdı. Bunun qarşısının alınması üçün regionların inkişaf proqramı günün tələbi idi və bu həyata keçirildi. Regionlarda, rayonlarımızda iş yerləri yaradıldı və infrastruktur bərpa olundu. Birinci növbədə yol infrastrukturu, enerji, kommunikasiya xətləri ilə bağlı çox böyük işlər görüldü. Bildiyiniz kimi, 2000-ci illərin əvvəllərində rayonlarda, kəndlərdə yollar bərbad şəkildə idi, işıq və qaz yox idi. Əvvəldən də mövcud olan infrastruktur demək olar ki, tamamilə yox olmuşdu. Bunlar bərpa olunduqca insanların orada iş yerləri yaranır, həmçinin yaşamaq və fəaliyyət göstərmək üçün əlverişli şərait yarandı.
Eyni zamanda məktəblərin, xəstəxanaların bərpa olunması, mədəniyyət mərkəzlərinin, olimpiya komplekslərinin tikilməsi və sahibkarlığın inkişafı ilə bağlı dövlət proqramı qəbul olundu və kənd təsərrüfatı ilə əlaqədar olaraq xeyli işlər görüldü. Lizinqlər, güzəştli kreditlərin, subsidiyaların verilməsi kompleks şəkildə regionlarda canlanma yaratdı və eyni zamanda ikinci dövlət proqramının həyata keçirilməsi üçün böyük zəmin oldu".
Onun sözlərinə görə, artıq infrastruktur bərpa olunub, daimi iş yerləri və sənaye müəssisələri yaradılıb: "Regionlarda 5000-dən çox daimi iş yerlərini əhatə edəcək sənaye müəssisələri fəaliyyətə başlayıb. Bu proqramların icrasının nəticəsi olaraq, 900 mini daimi iş yeri olmaqla, 1 milyon 200 min iş yeri yaradıldı. Dövlət proqramlarının qəbul olunması iqtisadiyyatımızın elmə söykənərək inkişafını təmin etmiş oldu və eyni zamanda, neft və qazdan gələn gəlirlər real, qeyri-neft sektorlarına yönəldildi və böyük işlər, layihələr həyata keçirildi".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB