Prezident İlham Əliyev: “Bizim ticarət dövriyyəmiz 2 milyard dollara yaxınlaşır”

Prezident İlham Əliyev: “Bizim ticarət dövriyyəmiz 2 milyard dollara yaxınlaşır”

"Azərbaycanla Fransanın əlaqələri çoxşaxəlidir. Əlaqələrimizin bundan sonra da inkişafı üçün əməkdaşlığımız davam edəcək". SİA-nın məlumatına görə, bu sözləri Prezident İlham Əliyev bu gün Bakıda keçirilən Azərbaycan-Fransa biznes forumunda çıxışı zamanı deyib.

Prezident bildirib ki, hər iki ölkənin hər bir sahə üçün konkret prioritet proqramları var və bu proqramlar əsasında sənədlər imzalanacaq.

Bu gün Azərbaycanla Fransa arasında imzalanan sənədləri xatırladan ölkə başçısı vurğulayıb ki, imzalanan sənədlər bizim əməkdaşlığımızın müxtəlif sahələrinin inkişafına xidmət edəcək: "Bu, həm ikitərəfli əlaqələrimiz üçün yeni imkanlar yaradır, həm də regional əməkdaşlıq üçün yeni üfüqlər açır. Siyasi əlaqələrimiz çox yüksək səviyyədədir. İqtisadi sahəyə gəldikdə, Azərbaycan Cənubi Qafqazda Fransanın əsas ticarət tərəfdaşıdır. Bizim ticarət dövriyyəmiz 2 milyard dollara yaxınlaşır"

Dövlət başçısı çıxışı zamanı Azərbaycanın gələcək hədəflərindən də danışıb.

Ölkə rəhbəri bildirib ki, Azərbaycanın növbəti illərdə əsas prioritet istiqamətləri qeyri-neft sektorunun inkişafı ilə bağlıdır: "Bizim digər hədəfimiz nəqliyyat sektorunun təkmilləşdirilməsi ilə bağlıdır. Fransanın bu sahədə çox gözəl təcrübəsi var. İnformasiya və telekommunikasiya da prioritet sahələrdən biridir, bu sahədə də əməkdaşlıq edirik və edəcəyik. Həmçinin kosmik sahədə də əməkdaşlığımız davam etdiriləcək. Bundan başqa, turizm, kənd təsərrüfatı, xüsusilə üzümçülüyün yenidən dirçəlməsi gündəlikdə duran məsələdir və burada Fransadan yaxşı tərəfdaş tapmaq düzgün olmazdı. Bir sözlə, biz Fransa şirkətlərini Azərbaycanda daha böyük həcmdə işlər görməyə dəvət edirik".

Bütün xəbərlər Facebook səhifəmizdə