“Xırdalan Elektrik Şəbəkəsi”ndə yenidənqurma işləri davam etdirilir
"Xırdalan Elektrik Şəbəkəsi"ndə yenidənqurma işləri davam etdirilir. Hazırda bu işlər, əsasən, Abşeron rayonunun Qobu, Hökməli qəsəbələrində və "At yalı" yaşayış massivində həyata keçirilir. "At yalı"nda işlər yekunlaşıb, Hökməlidə son tamamlama işləri aparılır. Qobu qəsəbəsində sayğaclaşdırma başa çatdırılıb, 0,4 kilovoltluq şəbəkə yenidən qurulur. 0,4 kV-lik xətlərin trassası boyunca açıq naqillərin, demək olar ki, hamısı Özünüdaşıyan İzolyasiyalı Naqillərlə, SİP-kabellərlə əvəz olunub.
"Azərenerji" ASC-nin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, yenidənqurma tədbirləri təxminən 10 min abonenti əhatə edir. Qabaqcadan ödənişli sayğacların tətbiqi istehlak olunan elektrik enerjisinə görə ödənişləri tam təmin etməyə imkan yaradacaq.
Qeyd edək ki, növbəti mərhələdə yenidənqurma tədbirləri Aşağı Güzdək, Masazır və "28 May" qəsəbələrində davam etdiriləcək. Həmin yaşayış məntəqələrində SİP-kabellərinin çəkilməsi, əsasən, başa çatdırılıb. Yalnız intellektual tipli sayğacların quraşdırılması işi qalır.
Şəbəkədən onu da bildiriblər ki, Masazır qəsəbəsini və Xırdalan şəhərini qidalandıran 6 kV-lik kabel xəttinin dayanıqlılığını artırmaq üçün son üç ay ərzində zəruri tədbirlər həyata keçirilib. Eyni zamanda, bir sıra yarımstansiyalarda avadanlıqlar yenisi ilə dəyişdirilib.
220 kV-lik "Xırdalan" yarımstansiyası ilə əlaqələndirməklə Xırdalan şəhərini qidalandıran 6 kV-lik kabel xəttinin yenisi ilə əvəzlənməsi qarşıda duran başlıca vəzifələrdəndir. Bundan baş¬qa, yarımstansiyalarda istismar olunan transformatorların daha güclüləri ilə dəyişdirilməsi vacibdir.
Yeri gəlmişkən, Xırdalan şəhərinin yenidən qurulması, yeni istehsalat sahələrinin yaradılması əsas götürülərək yaxın zamanlarda şəhərə yaxın ərazidə 110/35/10 kV-lik yeni yarımstansiyanın tikintisi nəzərdə tutulur. Hesab olunur ki, yeni güc mərkəzinin yaradılması şəhərin daha da dayanıqlı və keyfiyyətli elektrik enerjisi təchizatına lazımi töhfəsini verəcək
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB