Azərbaycanda 250-yə yaxın vətəndaş mobil ofislərin qeydiyyat xidmətindən istifadə edib

Azərbaycanda 250-yə yaxın vətəndaş mobil ofislərin qeydiyyat xidmətindən istifadə edib

Məlumat verildiyi kimi, Əmlak Məsələləri Dövlət Komitəsi aprel ayının əvvəlindən başlayaraq xüsusi təbəqədən olan insanlara mobil ofislər vasitəsilə ünvanlarda daşınmaz əmlakın qeydiyyatı ilə bağlı xidmətlər göstərir. Əlilliyi olan, ahıl, sağlamlıq imkanları məhdud insanlar, o cümlədən yaşayış yeri uzaqda yerləşən, müxtəlif səbəblərdən hərəkət çətinliyi olan vətəndaşlar ərazi qeydiyyat idarələrindən kənarda təşkil edilmiş mobil ofislərdə (xüsusi nəqliyyat vasitələrində) göstərilən qeydiyyat xidmətlərindən faydalanırlar.

Komitədən SİA-ya verilən xəbərə görə, daxil olan müraciətlər əsasında indiyədək Bakı, Sumqayıt, Gəncə və Yevlax şəhərləri, Şəmkir, Göygöl, Daşkəsən, Samux, Gədəbəy rayonlarında, həmçinin bu şəhər və rayonların mərkəzdən uzaq kənd və qəsəbələrində mobil ofislər vasitəsilə 250-yə yaxın vətəndaşa qeydiyyat xidmətləri göstərilib. Bu xidmətlər fərdi həyət evi, mənzillər, bağ evlərinin, torpaq sahələrinin, qeyri-yaşayış obyektlərinin ilkin və təkrar qeydiyyatı, daşınmaz əmlaka dair plan-sxemin, texniki pasportların tərtibi, daşınmaz əmlakın yüklülüyünə dair arayışların verilməsindən ibarət olub. Eyni zamanda, mobil ofislərdə xidmətlər zamanı təqdim olunan sənədlərin qanunauyğunluğu yerindəcə yoxlanılıb, qəbul edilib, növbəti prosedurlar ətraflı izah edilib və daşınmaz əmlakın qeydiyyatı ilə bağlı vətəndaşlara zəruri hüquqi məsləhətlər verilib.

May ayında növbəti belə xidmətlər Mingəçevir şəhəri, Ağdaş, Qax, Balakən, Ağstafa, Qazax, Göyçay, Kürdəmir, Zərdab, Salyan, Sabirabad rayonlarında təşkil ediləcək.

Ünvanlarda mobil ofislər vasitəsilə qeydiyyat xidmətlərinin təşkilində məqsəd qeydiyyat xidmətlərinin vətəndaşlara daha rahat və əlverişli üsullarla çatdırılması, daşınmaz əmlakın qeydiyyatı sahəsində sosial məmnunluğun təmin olunmasıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə