“Bu Forum Azərbaycanın qlobal məsələlərin müzakirə məkanına çevrildiyini göstərir"

“Bu Forum Azərbaycanın qlobal məsələlərin müzakirə məkanına çevrildiyini göstərir"

"Bakıda keçirilən İkinci Qlobal Açıq Cəmiyyətlər Forumu növbəti dəfə Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini, qlobal məsələlərin müzakirə məkanına çevrildiyini göstərir. Forumun Bakıda keçirilməsi bir daha xalqlar, millətlər, ölkələr arasında anlaşmanı, qarşılıqlı hörməti və əlaqələri daha da gücləndirməkdə Azərbaycanın təşəbbüskarlıq göstərməsinə nümunədir". Bu sözləri SİA-ya açıqlamasında YAP Siyasi Şurasının üzvü, YAP-ın İqtisadi məsələlər komissiyasının sədr müavini Aydın Hüseynov Bakıda keçirilən İkinci Qlobal Açıq Cəmiyyətlər Forumunda müzakirə olunan məsələləri şərh edərkən deyib.

Onun sözlərinə görə, müasir dövrdə dünya ölkələrini birləşdirməyə nail olan Azərbaycan regionun və bütövlükdə dünyanın böyük dövlətləri ilə mehriban, səmimi, dostluq münasibətlərini inkişaf etdirir: "Azərbaycanın əməkdaşlıq etdiyi ölkələr və beynəlxalq təşkilatlarla yüksək etimad və siyasi dialoq fonunda qurduğu əlaqələri gücləndirməklə dövlətlərarası əlaqələrin inkişafına zəmin yaradır. Müasir humanitar həmrəyliyin güclənməsinə töhfə verən və gündəliyi çox geniş olan forumda çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev çox mühüm fundamental qlobal məsələlərə toxunub. Dövlət başçısı ilk öncə müstəqil Azərbaycanın ötən 22 illik inkişaf yolu haqqında ətraflı məlumat verib, respublikamızın müstəqilliyin ilk illərində bir çox problemlərdən, siyasi və iqtisadi çətinliklərdən əziyyət çəkdiyini diqqətə çatdırıb. Hazırda isə Azərbaycanın dünyada ən sürətlə inkişaf edən ölkələrdən biri olduğunu xatırladıb. Davam etdirilən siyasi, iqtisadi, demokratik islahatların respublikamızın daha da güclənməsinə, iqtisadiyyatının yüksək inkişaf etməsinə, insanların rifahının yaxşılaşmasına xidmət etdiyini bildirib. Azərbaycanda həyata keçirilən islahatların xalq tərəfindən müsbət qarşılandığını, iqtidarla xalq arasında dərin və möhkəm birliyin olduğunu bəyan edib".

Aydın Hüseynov dünyada sülh və əməkdaşlıq missiyasına töhfə verən Azərbaycan Prezidentinin növbəti dəfə beynəlxalq tribunadan işğal və güc faktoruna qarşı barışmaz mövqe nümayiş etdirməsini də yüksək qiymətləndirib: "Azərbaycanın dünya birliyində və beynəlxalq təşkilatlarda layiqincə təmsil olunmasına diqqət çəkən Prezident İlham Əliyev dünyada sülhə və təhlükəsizliyə qarşı təhdidlərin, ərazilərin zor gücünə dəyişdirilməsinin yolverilməz olduğunu, işğalın, terrorçuluğun qarşısının alınmasının vacibliyini bildirib. Dövlət başçısı işğalçı Ermənistanla bağlı BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsi olmasına baxmayaraq, torpaqlarımızın hələ də işğalda saxlanmasına dünya birliyinin təsirli tədbirlər görməməsini ədalətsizlik adlandırıb. Bu, növbəti qətiyyət və əzmkarlıq, beynəlxalq birliyi haqqa-ədalətə, ikili standartlardan əl çəkməyə dəvət edən bir siyasi bəyanatdır".

YAP Siyasi Şurasının üzvü onu da əlavə edib ki, sivilizasiyaların kəsişdiyi məkanda yerləşən, mədəniyyətlərarası dialoqa töhfələrini əsirgəməyən ölkəmizdə qlobal forumların keçirilməsi, bəşəriyyətə humanitar xeyirxahlıq töhfəsi verir: "Dünyada humanitar dialoq, elm, mədəniyyət və incəsənətin inkişafı ilə bağlı məsələlərin müzakirəsi üçün belə məkanlar olduqca azdır. Humanitar, siyasi forumlar var, lakin Bakıda təqdim edilən layihələr, irəli sürülən təşəbbüslər, həyata keçirilən tədbirlər özünəməxsusluğu ilə fərqlənir. Bakıda keçirilən humanitar forumlar fundamental elmlə mədəni dəyərlərin vəhdətini özündə sıx birləşdirir, dünyaya təqdim edir, dünyanı yeni qlobal innovasiyalar üzərində düşünməyə vadar edir".

Bütün xəbərlər Facebook səhifəmizdə