"Komendantlar" sakinlərin pullarını hara xərcləyir? ARAŞDIRMA
Hazırda yeni inşa olunub, vətəndaşlara satılan hündürmərtəbəli binaların bir çoxunda sakinlərdən işıq, qaz və istixana xərclərindən əlavə, 25-40 manat arasında pul yığılır. Toplanan vəasitin isə xadimə, lift, təhlükəsizlik xidmətinin əməkdaşlarına xərcləndiyi iddia olunur. SİA-nın qaynar xəttinə daxil olan bir neçə məlumatda, belə binaların çoxunda təhlükəsizlik xidmətinin əməkdaşlarının olmadığı, lift xarab olan halda sakinlərin təmir pulunu öz hesablarına ödədikləri, hətta xadimələrin də vaxtında təmizlik işləri aparmadıqları qeyd olunub. Daxil olan məlumatlarda bildirilir ki, hər evdən yığılan vəsaitlər toplananda, ümumi məbləğ binanın mərtəbələrinin və bloklarının sayına görə, təxminən 2500 - 4000 manat arasında dəyişir. Bu məbləğin daha da artması istisna deyil. Bəzi hallarda həmin binaları inşa edən Mənzil Tikinti Kooperativləri (MTK) mənzillər satılandan sonra qaydalara zidd olaraq, özləri "komendant" təyin edərək bu kimi xidmətlər üçün pul yığırlar. Bu pulların isə hara xərcləndiyi sakinlərə bildirilmir. Daha doğrusu vətəndaşlara pul yığılması üçün hansısa səbəblər irəli sürülür, lakin hər kəs eşitdiyinə deyil, göz qabağında olana inanır. Komendantlar tərəfindən deyilənlərin sakinlərdən yığılan məbləğlə üst-üstə düşməməsi haqlı olaraq onlar arasında narazılığa səbəb olur. Bu, eyni zamanda yeni hündürmərtəbəli tikililərdən ev almaq istəyən vətəndaşlar arasında da ciddi narazılığa səbəb olur.
Binada yaranan müəyyən olunmuş təmir probləmləri üçün sakinlər komendanta əlavə pul ödəməməlidir
Bu məsələyə aydınlıq gətirmək üçün "Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin eksperti Rövşən Talıbzadə ilə əlaqə saxladıq. Ekspert bu məsələdə qanunun tələbləri barədə danışdı: "Hazırda Mənzil Məcəlləsinə görə, Mənzil Kommunal İstismar Sahələri (MKİS) ləğv olunandan sonra sakinlər Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti yaratmalıdırlar. Həmin cəmiyyətə sədr seçilməli və ödənişlər həmin şəxsə edilməlidir. Sədr isə öhdəliyinə götürdüyü xidmətlərin xərclərini ödəməlidir. Bütün xərclər şəffaf şəkildə olmalı, bu haqda sakinlərə ətraflı və qaneedici məlumat verilməlidir.
Köhnə kooperativ binalarda da sədr seçilməlidir ki, o da MKİS-i əvəz etsin, hər hansı təmir işi çıxanda (su, istilik və s.) vətəndaşlardan əlavə xidmət haqqı yığılmasın".
R. Talıbzadənin sözlərinə görə, mənzil alan vətəndaş binanı inşa edən MTK-nın payçılarından biri olur və mənzili almamışdan öncə içərisində bütün şərtlər göstərilən alqı-satqı müqaviləsi bağlanılır: "Orada mənzil sahibinin üzərinə hansı öhdəliklərin düşdüyü qeyd olunur. Adətən hər kvadratmetrə görə 20-25 qəpik ödənilməli olduğu göstərilir. Bu isə 100 kvadratmetrlik mənzildə ayda 20 manat edir. Bu xərclər liftin saxlanılması, suyun vaxtında verilməsi, mühafizə xidməti və təmizlik işləri üzrə məsuliyyət daşıyan xadiməyə xərclənir. Düzdür, hesablayanda yığılan pul artıq çıxır. Ancaq burada digər ortaya çıxa biləcək xərclər də nəzərə alınmalıdır və binanın saxlanılma xərcləri də ora daxil olmalıdır. Məsələn, binanın xarici fasad örtüyünün lazım gələrsə, yenilənməsi, həyətdə abadlıq işlərinin aparılması, qarajın təmizlənilməsi və saxlanılması kimi xidmətlər də həmin xərclərə daxil olmalıdır. Bəziləri bu pulları yığandan sonra saxlanma öhdəliklərini kifayət qədər yerinə yetirmirlər. Təbii ki, belə hallar baş verir, lakin bu zaman sakinlər də öz hüquqlarından düzgün şəkildə istifadə etməyi bacarmalıdır.
Bəzi hallarda isə sakinlərin müəyyən olunmuş məbləği ödəməkdən imtina etmək istəməsi kimi hallarla qarşılaşılır. Yəni əgər binada ümumi xərclər üçün 20 və ya 25 manat ödənməsi nəzərdə tutulubsa, burada kiminsə haqqının tapdandığını demək düzgün deyil. Çünki, vətəndaş mənzil sahibi olarkən hər kvadratmetrinə 20-25 qəpik verməli olduğunu bilir. Sonradan o, bu xərclərin artıq olması ilə bağlı etiraz edə bilməz. Çünki alıcı sahibkarla bu barədə müqavilə bağlayıb. Əgər şərtlər onu qane etmirsə, başqa bir mənzil seçə bilər".
Elit binalarda mənzilin hər kvadratmetrinə görə, daha artıq pul yığıldığını deyən ekspert şəhərin mərkəzində yerləşən plazalarda mənzilin hər kvadratmetrinə 1-2 manat pul yığıldığını bildirib: "Belə elit binalardan 200-250 kvadratmetrlik mənzil alan şəxs hər ay işıq, qaz pulundan başqa, 400-500 manat əlavə ödəniş etməli olduğunu bilməlidir. Orada yığılan pulların da açıqlaması var. Məsələn, "reseption", qapını açıb-bağlayan, pulsuz fitness klub, baseyn və s. kimi xidmətlər artdıqca bu məbləğ də artır. Bunları isə vətəndaş müqavilə bağlayanda bilir".
Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Əli Məsimli də mövzu ilə bağlı fikirlərini bildirdi: "Bu işi qaydaya salmaqdan ötrü bina sakinlərinin iştirakı ilə yeni idarəetmə sisteminə keçmək və hesabatlılıq sistemi yaratmaq lazımdır ki, şəffaflıq yaransın. Yalnız bu üsulla şəffaflıq sistemini yaratmaq mümkündür. Belə olan halda, bina sakinləri yığılan ümumi məbləğin hara xərcləndiyi haqda məlumatlandırılacaqlar. Bu da onların haqqıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB