Kənd təsərrüfatı naziri Heydər Əsədovun tapşırığına və nazirliyin tədbirlər planına uyğun olaraq Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti reyd keçirib. Xidmətin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, reyd zamanı Sabunçu rayonunun Balaxanı qəsəbəsi Sarabski küçəsi 22-də yerləşən qeyri-qanuni fəaliyyət göstərən emal sexində 1200 kq, Abşeron rayonu Quşçuluq massivindəki (Azbentonat zavodunun yaxınlığı) həyət evində 300 kq və Nizami rayonu Keşlə qəsəbəsindəki şəxsi həyət evində daha 300 kq toyuq ətinin qanunsuz təkrar emal edildiyi, ətin sümükdən çıxarıldığı, baytarlıq-sanitariya qaydalarına uyğun olmayan və lazımi temperatur rejiminə əməl edilmədiyi yerdə saxlandığı aşkar edilib. Bu məhsulların mənşəyinə dair heç bir müşayiətedici sənəd olmayıb.
Hər üç sexin məhsulundan müayinə üçün nümunələr götürülərək Respublika Baytarlıq Laboratoriyasına göndərilib. Eləcə də qeyd etməliyik ki, Nizami rayonu Keşlə qəsəbəsindəki şəxsi həyət evində aşkarlanan 300 kq toyuq budu akt əsasında müsadirə olunaraq soyuducuda saxlanmaq üçün götürülüb. Digər məhsulların saxlanıldığı yerlər möhürlənib, emal sexlərinin fəaliyyəti dayandırılıb və aşkar edilən məhsulların satışı qadağan edilib.
Müayinələrin nəticəsindən asılı olaraq reyd zamanı aşkarlanmış toyuq ətlərinin qanunvericiliyə uyğun tədbirlər görülməsi nəzərdə tutulur. Reydin uğurlu alınmasında Daxili İşlər Nazirliyinin Karantin Tədbirlərini Təmin Edən Əlahiddə Polis Taboru yaxından iştirak edib.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti bu istiqamətdə reydlərini mütəmadi davam etdirməyi nəzərdə tutur.





Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB