Dəmir yolunun enerji təchizatı sistemi yenidən qurulub

Azərbaycan Prezidenti İlham Əliyevin 6 iyul 2010-cu ildə imzaladığı "Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramının təsdiq edilməsi haqqında" Sərəncamı sürətlə icra olunur.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyindən SİA-ya verilən xəbərə görə, Dövlət Proqramının icrası çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmiri başa çatıb və indi həmin sahədə elektrik təchizatı sisteminin 25 kv-luq dəyişən cərəyanlı dartı sisteminə keçməsi gündəmdədir.

Enerji təchizatı üzrə keçirilən tender vasitəsilə podratçı şirkət müəyyən olunub və ATEF şirkətlər Qrupu (Podratçı) ilə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti arasında müqavilə imzalanıb. Bu müqavilənin icra qrafikinə əsasən, Podratçı şirkət enerji təchizatı ilə bağlı işlərə, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti ilə razılaşdıraraq start verib.

Lahiyə sənədlərinin hazırlanması 4 mərhələyə bölünüb. 1-ci mərhələ Böyük-Kəsik-Gəncə sahəsi; 2-ci mərhələ Gəncə-Ucar sahəsi; 3-cü mərhələ Ucar-Hacıqabul sahəsi; 4-cü mərhələ Hacıqabul-Bakı sahəsi. Araşdırmalardan sonra 12 ədəd dartı yarımstansiyasının yeri seçilərək müəyyən edilmişdir və onların quraşdırılmasına başlanılıb.

Tikinti işlərini lazım olan mal-materiallarla, texniki qurğularla təmin etmək məqsədi ilə "ATEF" şirkətlər qrupunun zavodlarında dəmir dayaqlar, yüksək gərginlikli transformatorlar hazırlanıb.

Artıq 1-ci mərhələ üzrə Böyük-Kəsik-Gəncə sahəsində - Böyük Kəsik, Ağstafa, Düyərli və Alabaşlı dartı yarımstansiyaları tikintisi başa çatdırılıb. Burada yüksəkgərginlikli avadanlıqlar, transformatorlar, açarlar, 110 və 25 kV-luq paylayıcxı qurğular quraşdırılıb. Hazırda 2-ci mərhələ üzrə Gəncə-Ucar sahəsində layihə sənədlərinin hazırlanması başa çatmaq üzrədir.

Bütün xəbərlər Facebook səhifəmizdə