Bakıda Azərbaycan-Kamboca biznes forumu keçirilib

Bakıda Azərbaycan-Kamboca biznes forumu keçirilib

Bu gün Bakıda Azərbaycan-Kamboca biznes forumu keçirilib. SİA xəbər verir ki, forum Kamboca Krallığının baş naziri Hun Senin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində baş tutub. Azərbaycanın İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təşkilatçılığı ilə təşkil olunan tədbirdə iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən Kamboca şirkətləri iştirak ediblər.

Forumda çıxış edən Azərbaycan iqtisadiyyat və sənaye nazirinin müavini Sahil Babayev deyib ki, təşkil edilən bu kimi tədbirlər Azərbaycanla Kamboca arasında iqtisadi əlaqələrin inkişafına təkan verəcək, ticarət əlaqələrinin qurulmasında böyük rol oynayacaq: "İki ölkə arasında iqtisadiyyatın bir çox sahələri üzrə əlaqələr qurula, inkişaf etdirilə bilər. Azərbaycanda bunda maraqlıdır və ölkəmiz Kamboca ilə iqtisadi əlaqələrini genişləndirmək niyyətindədir".

Kamboca Krallığının Ticarət naziri və inkişaf şurasının sədr müavini San Çanthol isə bildirib ki, Azərbaycanla Kamboca arasında iqtisadi əlaqələrin yüksək səviyyədə olmamasından təəssüflənir: "2012-ci ildə Kombocadan Azərbaycana 500 mln dolları həcmində məhsul ixrac olunub. Azərbaycandan isə Kambocaya ixracatın həcmi 3,5 mln. dollar təşkil edib. Bu çox kiçik rəqəmdir. Düşünürəm ki, qısa müddətdə iki ölkə arasında iqtisadi əlaqələri genişləndirmək lazımdır. Bu məqsədlə Azərbaycan və Kamboca hökumətlərarası iqtisadi komissiyaların yaradılmasını təklif edirəm".

Forum iş adamlarının və biznesmenlərin ikitərəfli görüşləri ilə davam edib.

Qeyd edək ki, biznes forumda Azərbaycandan 40 şirkət nümayəndəsi iştirak edir.

Bütün xəbərlər Facebook səhifəmizdə