Pərakəndə və françayzinq biznesi üzrə Dəyirmi Masa keçirilib

Pərakəndə və françayzinq biznesi üzrə Dəyirmi Masa keçirilib

Bu gün Dubay Ticarət və Sənaye Palatasının sədr müavini Hişam Al Şiravinin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində pərakəndə və françayzinq biznesi üzrə Dəyirmi Masa keçirilib. İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Dubay Ticarət və Sənaye Palatasının təşkilatçılığı, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) dəstəyi ilə keçirilən tədbirdə hər iki tərəfdən iş adamları iştirak edib. Qonaqları salamlayan iqtisadiyyat və sənaye nazirinin müavini Sahil Babayev Azərbaycanın davamlı və dayanıqlı iqtisadi inkişafı barədə məlumat verib, ölkəmizin etibarlı tərəfdaş, regionun iqtisadi və mədəni mərkəzi olduğunu qeyd edib. Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında əməkdaşlıq barədə danışan nazir müavini bildirib ki, ölkələrimiz arasında möhkəm müqavilə-hüquq bazası yaradılıb, indiyədək 20-dən çox sənəd imzalanıb: "Hazırda Azərbaycanda xidmət, nəqliyyat, sənaye, tikinti, ticarət, bank və sığorta sahələrində BƏƏ sərmayələri əsasında 193 şirkət fəaliyyət göstərir. BƏƏ tərəfindən ölkəmizdə qeyri-neft sektoruna yatırılan birbaşa investisiyaların həcmi təqribən 465 milyon ABŞ dolları təşkil edir və xarici investisiya yatıran ölkələr arasında ilk beşlikdədir. Hazırda həyata keçirilən "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasına uyğun olaraq, ölkəmizdə 2020-ci ilə qədər iqtisadiyyatın qeyri-neft sektoru hesabına iki dəfə artırılması nəzərdə tutulur. Bu istiqamətdə pərakəndə və françayzinq sahəsinin inkişafı mühüm rol oynaya bilər. Bu sahənin genişləndirilməsi və inkişafı üçün BƏƏ ilə təcrübə mübadiləsinin, həmçinin gələcək əməkdaşlıq perspektivlərinin müzakirəsi faydalı olacaq".

Dubay Ticarət və Sənaye Palatasının sədr müavini Hişam Al Şiravi ölkəsinin Azərbaycanla əlaqələrin genişlənməsində maraqlı olduğunu vurğulayıb və bunun üçün hər iki ölkənin böyük potensiala malik olduğunu qeyd edib.

Dəyirmi Masada Azərbaycanda pərakəndə və françayzinq sahəsinin istiqamətləri mövzusunda təqdimat keçirilib, pərakəndə ticarət sektorunda aparıcı sahələr, Azərbaycanda və Dubayda daşınmaz əmlak bazarının inkişaf istiqamətləri, Azərbaycanda inkişaf edən istehlak bazarının françayzinq ehtiyacları, daşınmaz əmlak və pərakəndə ticarət idarəçiliyində Dubay təcrübəsi, Dubayın inkişaf edən brendlərinin və françayzinqlərinin Azərbaycana gətirilməsi və s. mövzularda müzakirələr aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə