İranın Azərbaycandakı səfiri İqtisadiyyat və Sənaye Nazirliyində olub
İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev İran İslam Respublikasının Azərbaycandakı səfiri Möhsün Pakayini qəbul edib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Şahin Mustafayev qonşu İranla Azərbaycan arasında əlaqələrin inkişaf etdiyini, bu yaxınlarda Azərbaycan Respublikasının Prezidentinin İrana rəsmi səfərinin ölkələrimiz arasında ikitərəfli əməkdaşlığın inkişafında xüsusi əhəmiyyətini vurğulayıb. Qeyd edilib ki, iki ölkə arasında enerji, nəqliyyat, infrastruktur, turizm və digər sahələrdə əməkdaşlığın inkişafı üçün geniş imkanlar var. İqtisadi əlaqələrin daha da genişləndirilməsi baxımından Azərbaycan və İran arasında hökumətlərarası komissiyanın səmərəli fəaliyyəti də mühümdür və bu yaxınlarda komissiyanın yeni tərkibi təsdiq edilib.
Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlətlərarası Müştərək Komissiyanın həmsədri Şahin Mustafayev müvafiq hazırlıq işləri aparıldıqdan sonra yeni tərkibdə komissiyanın iclasının yaxın zamanlarda Azərbaycanda keçirilməsini təklif edib.
İran İslam Respublikasının Azərbaycandakı səfiri Möhsün Pakayi iqtisadi əlaqələrin genişləndirilməsinin ölkələrimiz üçün faydalı olacağını vurğulayıb, əlaqələrin bundan sonra da inkişaf edəcəyini qeyd edib. Görüşdə iki ölkə arasında mövcud iqtisadi əlaqələr, eləcə də iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB