Hesablama Palatası sədrinin parlamentdəki hesabatı

Hesablama Palatası sədrinin parlamentdəki hesabatı

"2013-cü ildə sonrakı nəzarətin təmin edilməsi məqsədi ilə Hesablama Palatası tərəfindən 75 audit tədbiri keçirilib ki, bu da 2011-ci illə müqayisədə 29, 2012-ci illə müqayisədə isə 7 audit tədbiri çoxdur. Nəzarət tədbirlərinin dövlət vəsaitlərinin strukturlarına görə bölgüsünə gəldikdə həyata keçirilən audit tədbirlərinin 5-i dövlət büdcəsinin gəlirləri ilə bağlı fəaliyyəti, 59-u müxtəlif qurumlar tərəfindən büdcə vəsaitlərinin, 7-si dövlət torpaq fondunun istifadəsi ilə bağlı olan fəaliyyəti, 4-ü isə büdcədən kənar dövlət fondlarının istifadəsi ilə bağlı fəaliyyətini əhatə edib". SİA-nın xəbərinə görə, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov parlamentin bugünkü iclasında qurumun illik hesabatını səsləndirərkən deyib.

Audit tədbirlərinin əhatə dairəsinin genişləndiyini deyən V. Gülməmmədov qeyd edib ki, aparılan audit tədbirlərinin nəticəsində müəyyən edilən ayrı-ayrı istiqamətlər üzrə xas olan nöqsanlara dövlət orqanlarında şöbə və sektorların yaradılması üçün ştat vahidlərinin normativ aktlarda təsbit edilmiş həddinə əməl edilməməsi, orta məktəblərdə tarifləşmənin, ali məktəblərdə elmi adlara görə əlavələrin düzgün müəyyənləşdirilməməsi, səhiyyə və mədəniyyət sahəsində ştat saylarının düzgün müəyyən edilməməsi, mənzil-kommunal təsərrüfatı sahəsində normativlərin düzgün tətbiq edilməməsi, zərərin və gəlirlərin düzgün hesablanmaması, xidmət haqlarının vaxtında və tam olaraq yığılmaması və vəsaitlərin qeyri-səmərəli istifadəsi, tikinti işlərinin aparılması zamanı layihə-smeta sənədlərinə uyğun işlərin görülməməsi, layihə-smeta sənədlərinin vaxtında ekspertizadan keçirilməməsi, işlər tam görülmədən müqavilə və ödənişlərin tam aparılması daxildir.

O həmçinin əlavə edib ki, hesabat ilində büdcə qanunvericiliyinin və normativ hüquqi aktların tələblərinin pozulması ilə əlaqədar 4,3 milyon manat və 38 min avro məbləğində vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin edilib, habelə dövlət sosial müdafiə fonduna çatacaq 196,1 min manat vəsaitin fondun hesabına köçürülüb: "Palatanın post audit tədbirləri nəticəsi kimi ötən illərdə həyata keçirilən nəzarət tədbirləri nəticələrinə görə 231,8 min manat məbləğində vəsait bərpa edilib. Bununla yanaşı, Vergilər Nazirliyi ilə birgə görülən tədbirlər nəticəsində vergi və digər icbari ödənişlər üzrə təqribən 2,5 milyon manat məbləğində əlavə verginin hesablandığını və 17, 3 milyon manat məbləğində vergi borcunun uçota alınması təmin edilib".

"Vəsaitlərin dövlət büdcəsinə nəğd və köçürmə yolu ilə bərpası ilə yanaşı yerinə yetirilən iş və xidmətlər üzrə 1,7 milyon manat məbləğində əlavə iş və xidmətlərin görülməsi, 1,2 milyon manat məbləğində çatışmayan və ya müqavilə öhdəliklərinin yerinə yetirilməsi təmin olunmayan elementar avadanlıqların, dərman vasitələrinin büdcə təşkilatlarına təhvil verilməsi təmin olunub, eyni zamanda uçotdan kənarda qalan 49,5 milyon manat məbləğində əsas vəsaitlərin, 1,8 milyon manat məbləğində mal və materialların uçota alınması üçün tədbirlər görülüb. Nəzarət tədbirlər zamanı xarakterik nöqsanların biri də lüzumsuz dektor borcların mövcudluğudur. Qabaqcadan aparılan ödənişlər hesabına yaradılan 7,3 milyon manat məbləğində debutor borcun uçota götürülməsi və 86,3 milyon manat məbləğində debutor borcun bağlanılması audit tədbirləri nəticəsində təmin edilib"- deyə Hesablama Palatasının sədri çıxışına əlavə edib.

Hesabat ilində nəzarət tədbirləri nəticəsində 13 nəzarət obyektində 99 ştatın ləğv edilməsinə nail olunduğunu da deyən V. Gülməmmədovun sözlərinə görə, 2013-cü ildə vəzifələr şəxslər tərəfindən səlahiyyətlərindən sui-istifadə hallarına və bir çox ciddi nöqsan və çatışmazlıqlara yol verilməklə dövlətə ümumilikdə təqribət 2, 3 milyon manat məbləğində zərər vurulma ehtimalını nəzərə alaraq "Aqrolizinq" ASC-nin Şəki rayon Aqroservis filialı və Cəmiyyətin Şəki regional lagistik bazası ilə bağlı yoxlama materialları müvafiq qaydada Baş Prokurorluğa göndərilib: "Qanun pozuntuları ilə bağlı 132 təqdimat göndərilib. Bu da 2011-ci illə müqayisədə 32 ədəd çoxdur. Hesabat ilində nöqsan və çatışmazlıqlara yol verən 254 nəfər məsul şəxsə qanunvericilikdə nəzərdə tutulan qaydada inzitam tənbehi tədbiq edilib".

Qeyd edək ki, müzakirələrdən sonra Hesablama Palatasının illik hesabatı qəbul olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə