3 ayda DSMF-da 10 200 fərdi şəxsi hesab açılıb

3 ayda DSMF-da 10 200 fərdi şəxsi hesab açılıb

"2014-cü ilin yanvar ayından indiyədək real vaxt rejimində onlayn şəkildə təqdim olunmuş elektron müraciət əsasında 10 200 fərdi şəxsi hesab açılaraq, sosial sığorta şəhadətnaməsi rəsmiləşdirilib". SİA-nın xəbərinə görə, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Fərdi uçotun təşkili şöbəsinin müdiri Nigar Pənahova "Sığortaolunanın onlayn uçota alınması" adlı xidmətin təqdimatına həsr olunmuş brifinqdə deyib.

Onun sözlərinə görə, "Sığortaolunanın onlayn uçota alınması" xidməti sığortaedənlərlə DSMF orqanları arasında münasibətlərin sadələşdirilməsinə imkan yaradır və sığorta-pensiya sistemində şəffaflığın daha da artırılmasını təmin edir: "Elektron xidmətdən istifadə qaydaları (reqlament) DSMF-nin səytında yerləşdirilib. Elektron xidmətdən istifadə üçün sığortaedən həm DSMF-nin saytı, həm "Elektron hökumət" portalı vasitəsi ilə "Sığortaolunanın onlayn uçota alınması" elektron xidmətini seçir və müvafiq xanaları dolduraraq sorğu edir. Elektron formada göndərilmiş ərizə DSMF orqanı tərəfindən qəbul edilir və bu barədə sığortaedənə elektron təsdiqetmə bildirişi göndərilir. Sığortaedən tərəfindən elektron formada göndərilmiş elektron ərizə forməlarına DSMF tərəfindən baxılır. Təqdim edilmiş elektron ərizə formaları yoxlandıqdan sonra sığortaolunan üçün fərdi şəxsi hesab açılır və ona sosial sığorta nömrəsi əks olunan dövlət sosial sığorta şəhadətnaməsi 1 ay ərzində rəsmiləşdirilir. Xidmətdən istifadə pulsuzdur".

Bütün xəbərlər Facebook səhifəmizdə