Araz Ağayev: "Cari ilin ilk rübündə 45 bina təbii qazla təmin olunub"

Araz Ağayev: "Cari ilin ilk rübündə 45 bina təbii qazla təmin olunub"

"Cari ilin ilk üç ayında Azərbaycanda təbii qazla təmin olunan abonenetlərin sayı artıb". Bunu SİA-ya açıqlamasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) "Azəriqaz" İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Araz Ağayev deyib.

Onun sözlərinə görə, İstehsalat Birliyi tərəfindən istehlakçıların fasiləsiz və keyfiyyətli təbii qazla təchiz edilməsi, eləcə də abonent bazasının daha da genişləndirilməsi istiqamətində görülən işlərin nəticəsində 2014-cü il aprelin 1-nə olan məlumata görə, ölkə üzrə təbii qazla təmin edilən abonentlərin sayı 1 684 643-ə çatıb: "Həmçinin quruma edilən müraciətlərin nəticəsi olaraq, cari ildə 45 yeni inşa olunmuş çoxmərtəbəli bina təbii qazla təmin olunub. Ümumilikdə isə Azərbaycanda qazlaşma prosesi 90% təşkil edir".

Qurum rəsmisi "Azəriqaz" İstehsalat Birliyində aparılan struktur dəyişikliyi barədə də məlumat verib: "Hazırda qurumun təmir-tikinti idarəsinin nəzdində mərkəzləşdirilmiş qəza və təmir-bərpa xidmətinin yaradılması istiqamətində işlər davam etdirilir. Mayın 15-dən etibarən Bakı şəhəri və Abşeron rayonu üzrə qaz istismar sahələrinin tərkibindəki qaz kəmərləri və avadanlıqlarının istismarı və qəza dispetçer xidmətləri ləğv ediləcək".

Araz Ağayev onu da deyib ki, hazırda "Azəriqaz" İstehsalat Birliyində ixtisar aparılmır.

Bütün xəbərlər Facebook səhifəmizdə