Vahid Əhmədov: "Birinci rüb 2014-cü il üçün uğurlu başlanğıcdır"

Vahid Əhmədov: "Birinci rüb 2014-cü il üçün uğurlu başlanğıcdır"

"2014-cü ilin birinci rübündə Azərbaycanda bütün sahələr üzrə dinamik inkişaf əldə olunub". Bunu SİA-ya açıqlamasında Milli Məclisin iqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov deyib.

Onun sözlərinə görə, cari ilin ilk üç ayında ölkədə sənaye sahələrinin inkişafı, yeni sənaye parklarının və texnoparkların yaradılması, sahibkarlığın genişləndirilməsi diqqət mərkəzində olub: "2014-cü ilin ilk rübünün hesabatı göstərdi ki, Azərbaycan dinamik inkişaf templərini saxlaya bilib. Belə ki, qeyd olunan müddətdə ümumi daxili məhsulun (ÜDM) strukturu yaxşılaşıb, qeyri-neft sektorunda 8,8% artım əldə olunub. Bu gün Azərbaycan ölkə iqtisadiyyatının şaxələndirilməsini əsas prioritet seçib. Hesabata əsasən, cari ilin yanvar-mart ayılarında əhalinin gəlirləri artıb, manat öz məzənnəsini saxlaya bilib, inflyasiya isə cəmi 2% təşkil edib. Birinci rübdə orta əməkhaqqı təxminən 7 faiz artıb. Bu da insanların sosial rifah halının yaxşılaşdırılmasının əsas göstəricilərindən biridir. Gələcəkdə görüləcək işlər, iqtisadi inkişaf, neft-qaz sektorunun inkişafı sayəsində, eyni zamanda, maaşların və pensiyaların qaldırılması nəticəsində orta əməkhaqqı və orta pensiya daha da artırılacaq".

İlin ilk rübündə regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramının qəbul edildiyini diqqətə çatdıran Vahid Əhmədov deyib ki, bu Proqram hazırda mövcud olan sosial və iqtisadi məsələlərin həlli üçün beş il ərzində əsas sənəddir: "Proqramda regionlarda mövcud olan bütün məsələlər öz əksini tapıb. Hər bir rayon üzrə konkret vəzifələr, tapşırıqlar verilib. Düşünürəm ki, Proqramın icrasının yekunun da bölgələrdə əsas sosial infrastruktur qurulacaq, iqtisadi məsələlər öz həllini tapacaq".

Millət vəkili bildirib ki, qeyd olunan müddətdə ölkənin valyuta ehtiyatları xeyli artıb: "Hazırda Azərbaycanın valyuta ehtiyatları 53 milyard dollar təşkil edir. Ölkə əhalisinin sayını nəzər yetirdikdə məlum olur ki, bu göstərici üzrə adambaşına düşən valyuta ehtiyatlarına görə Azərbaycan dünyada qabaqcıl ölkələr sırasındadır. Son üç ayda ölkəyə qoyulan investisiya yatırımlarının həcmi artıb. Bütün bunlar 2014-cü ilin ilk rübünün cari il üçün uğurlu başlanğıc olduğunu göstərir".

Bütün xəbərlər Facebook səhifəmizdə