Azərbaycan və Zimbabve arasında əməkdaşlıq imkanları müzakirə edilib
Bu gün iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Azərbaycanda səfərdə olan Zimbabve Respublikasının xarici işlər naziri Simbaraşe Mumbenqeqvi ilə görüşüb. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Azərbaycan və Zimbabve arasında iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlıq perspektivləri müzakirə edilib. Şahin Mustafayev son illər ərzində Afrika ölkələri, o cümlədən Zimbabve ilə Azərbaycan arasında əlaqələrin inkişaf etdiyini, bu sahədə qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd edib. Bildirilib ki, Azərbaycan və Zimbabve arasında beynəlxalq təşkilatlar səviyyəsində, xüsusilə də BMT çərçivəsində də əməkdaşlıq həyata keçirilir. Azərbaycan iqtisadiyyatı, ölkəmizin iştirakçısı və təşəbbüskarı olduğu iri layihələr barədə məlumat verən nazir Şölkələrimiz arasında kənd təsərrüfatı, sənaye, kimya sahələrində əməkdaşlıq imkanlarının olduğunu vurğulayıb. Qeyd edilib ki, ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafı üçün zəruri müqavilə-hüquqi baza yaradılmalı, qarşılıqlı səfərlər və işgüzar görüşlər təşkil edilməlidir.
Zimbabve Respublikasının xarici işlər naziri Simbaraşe Mumbenqeqvi iki ölkə arasında əlaqələrin inkişafı üçün əlverişli imkanların olduğunu qeyd edib, iqtisadiyyatın bir sıra sahələrində (sənaye, infrastruktur, kənd təsərrüfatı və s.) əməkdaşlığa dair konkret təkliflər səsləndirib. Cənab Mumbenqeqvi bildirib ki, təbii ehtiyatlarla zəngin olan Zimbabve Azərbaycanın istehsalla məşğul olan şirkətləri ilə əməkdaşlıq edə bilər. Görüşdə həmçinin, Zimbabvenin kimya sahəsində Azərbaycan təcrübəsinin öyrənilməsində maraqlı olduğu diqqətə çatdırılıb, cənab Mumbenqeqvi Azərbaycanın biznes dairələrini Zimbabveyə səfərə dəvət edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB