Bu gün Bakı Ekspo Mərkəzində II Xəzər Beynəlxalq Su texnologiyaları (CATEC 2014) sərgisi öz işinə başlayıb. SİA-nın xəbərinə görə, "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin dəstəyi və "İteca Caspian" şirkətinin təşkilatçılığı ilə keçirilən, Xəzər regionunda su texnologiyaları sahəsində əldə edilən nailiyyətlərin nümayiş etdirildiyi sərginin təntənəli açılış mərasimi olub.
Əvvəlcə sərgi iştirakçıları Fəxri Xiyabana gələrək Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət ediblər.
Açılış mərasimində çıxış edən "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov sərgi iştirakçılarını salamlayaraq növbəti dəfə su texnologiyaları sərgisinin keçirilməsinin ölkəmizin su təchizatı və kanalizasiya sektorunun inkişafı üçün əlamətdar hadisə olduğunu bildirib.
O, su təchizatı və kanalizasiya sektorunda həyata keçirilən layihələr barədə məlumat verərək qeyd edib ki, hazırda Bakıda, Abşeron yarımadasının kənd və qəsəbələrində, həmçinin 38 şəhər və rayon mərkəzində, 350-dən çox kənddə su və kanalizasiya layihələrinin icrası uğurla davam etdirilir: "Bu sahədə beynəlxalq maliyyə təşkilatları və xarici şirkətlərlə əməkdaşlıq edilir. Layihələrin icrasında yeni texnologiyalardan istifadəyə üstünlük verilir. Su texnologiyaları sahəsində belə tədbirin keçirilməsi ölkənin su təchizatı sektorunun inkişafına fayda verir".
Onun sözlərinə görə, ötən il keçirilən debüt sərgisi çox əhəmiyyətli olub: "Belə ki, sərgi və konfrans çərçivəsində bəzi şirkət və təşkilatlarla əməkdaşlığa dair ilkin razılıq əldə olunmuş və qısa müddətdə bu istiqamətdə real addımlar atılıb. Məsələn, sərgidən bir müddət sonra "Azərsu" ASC ilə İsveçrənin "Sulzer" şirkəti ilə nasos və kompressorların alınmasına dair müqavilə imzaladıq. Müqaviləyə əsasən, həmin şirkətdən yüksək keyfiyyətli nasos və kompressorlar alınaraq Hövsan Aerasiya Stansiyasında quraşdırılıb, bununla yanaşı Kür sutəmizləyici qurğular kompleksi üçün bu şirkətdən yeni avadanlıqların alınması nəzərdə tutulur. Sərgidə iştirak edən Danimarkanın "Grundfos" şirkətindən isə "H.Z. Tağıyev adına Su Kəmərləri" idarəsi üçün 2 müasir nasos alınıb və bu sahədə əməkdaşlıq davam etdirilir. Budapeşt Su işlətmələri şirkəti ilə geniş əməkdaşlığımız var. Sərgidən qısa müddət sonra mütəxəssislərimiz bu təşkilatın iş təcrübəsini öyrənmək üçün Macarıstana ezam olunublar".
"İteca Caspian" şirkətinin direktoru Edvard Stroun su texnologiyaları sərgisinin keçirilməsinə göstərdiyi təşəbbüsə və dəstəyə görə "Azərsu" ASC-nin rəhbərliyinə minnətdarlığını bildirərək qeyd edib ki, ikinci dəfə keçirilən su texnologiyaları sərgisinə maraq böyükdür: "Fərəhləndirici haldır ki, sərgidə su sektorunun bütün sahələrini əhatə edən şirkətlər təmsil olunur".
Sonra sərginin açılışını bildirən rəmzi lent kəsilib.
Sərgi ilə tanışlıq zamanı "Azərsu" ASC sədrinin diqqətinə çatdırılıb ki, CATEC 2014 sərgisində 24 ölkədən öz məhsul və xidmətlərini təqdim edən 79 şirkət iştirak edir. Sərgidə içməli su təchizatında istifadə olunan avadanlıqlar, tullantı sularının toplanması, nəqli və təmizlənməsi, yağış sularının idarəedilməsi sistemləri, eləcə də mikrotunel tikintisi, suyun kimyəvi analizinin aparılması üçün avadanlıqlar, tənzimləmə texnologiyaları, borular, nasos sistemləri, hidrantlar, tikinti texnikası və avadanlıqları, geotermal texnologiyalar, su təchizatı və kanalizasiya sahəsində tətbiq olunan digər yeniliklər təqdim olunur.
Sərgidə nümayiş etdirilən məhsul və xidmətlər ziyarətçilərin böyük marağına səbəb olub. Sərgi yeni tərəfdaşlar tapmaq və uzunmüddətli işgüzar əlaqələr qurmaq baxımından iştirakçılar üçün əlverişli imkandır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB