Vahid Əhmədov: "Naxçıvan MR hər zaman dövlətin diqqət mərkəzindədir"

Vahid Əhmədov: "Naxçıvan MR hər zaman dövlətin diqqət mərkəzindədir"

"Naxçıvan Muxtar Respublikasının (MR) bütün sahələr üzrə inkişafı hər zaman dövlətin diqqət mərkəzində olub". SİA-ya açıqlamasında Milli Məclisin iqtisadi siyasət komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov deyib.

Onun sözlərinə görə, Naxçıvan MR blokada şəraitində olduğundan ölkə başçısı dövlət büdcəsi qəbul olunarkən adıçəkilən ərazinin inkişafı üçün böyük məbləğdə vəsait ayırıb: "Azərbaycan Prezidenti mütəmadi olaraq Naxçıvan MR-ə səfərlər edir, bölgədə yeni istismara verilən sosial, iqtisadi, mədəniyyət və digər sahələrin inkişafını əhatə edən obyektlərin açılışında iştirak edir. Ötən gündən etibarən dövlət başçısının Naxçıvan MR-ə başlanan səfəri çərçivəsində "Arpaçay-1" və "Arpaçay-2" Su Elektrik stansiyalarının işə salınması mərasimi keçirilib ki, bu da muxtar respublikanın elektrik enerjisi təminatında və ölkəmizin enerji təhlükəsizliyində mühüm addımdır. Eyni zamanda bu stansiyaların istifadəyə verilməsi ərazidə işsizliyin səviyyəsinin daha da azalmasına şərait yaradıb. Ölkə rəhbərinin Kəngərli Rayon Mərkəzi Xəstəxanasının yenidənqurmadan sonra açılışında iştirak etməsi isə dövlətin muxtar respublikanın səhiyyə sahəsinin inkişafına göstərdiyi diqqət və qayğıya nümunədir. Ümumilikdə isə aparılan genişmiqyaslı islahatlar çərçivəsində yeni səhiyyə ocaqları tikilir, köhnələri əsaslı təmir olunur, yaxud yenidən qurulur və ən müasir tibbi avadanlıqla təchiz edilir. 2000-2005-ci illərdə muxtar respublikada 48 səhiyyə obyekti tikilib, 35 tibb ocağında əsaslı təmir-bərpa işləri aparılıb və müasir tibbi avadanlıqla təmin edilərək istifadəyə verilib".

Millət vəkili bildirib ki, ölkə rəhbəri Naxçıvan-Şahbuz-Batabat magistral avtomobil yolunun açılışında da iştirak edib: "Bu da göstərir ki, Naxçıvan Muxtar Respublikasında yol-nəqliyyat infrastrukturunun inkişafı da dövlətin diqqət mərkəzindədir. Hazırda bölgənin kənddaxili və kəndlərarası yollarında davamlı olaraq abadlaşdırma işləri görülür".

Sərhəd bölgəsi olduğu üçün, Naxçıvanın təhlükəsizliyinin hər zaman nəzarət altında saxlanıldığını deyən Vahid Əhmədov onu da qeyd edib ki, hazırda İran və Türkiyə ilə münasibətlər yüksək səviyyədə inkişaf edir.

Bütün xəbərlər Facebook səhifəmizdə