İtaliyanın "İl Messaggero" qəzetinin saytında Azərbaycanın turizm imkanlarından bəhs edən məqalə yerləşdirilib.
Yazıda qeyd olunur ki, 1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra sürətli iqtisadi inkişaf mərhələsinə qədəm qoyub. Bu tərəqqini getdikcə gözəlləşən paytaxt Bakının hər bir nöqtəsində görmək mümkündür. Zəngin neft və qaz ehtiyatları Azərbaycanın çiçəklənməsində daim mühüm rol oynayıb.
Məqalədə müasir Bakının ən möhtəşəm tikililərindən biri sayılan Heydər Əliyev Mərkəzi haqqında ətraflı məlumat verilir. Qeyd olunur ki, dünya şöhrətli memar Zaha Hadidin layihəsi əsasında inşa edilmiş bu fərqli arxitektura nümunəsi Azərbaycan paytaxtının mənzərəsinə daha bir gözəllik əlavə edib.
Yazıda gündən-günə dəyişən, müasir görkəmi ilə göz oxşayan, Xəzər dənizinin sahilində yerləşən Bakının turistlərin diqqətini cəlb edən maraqlı bir şəhər olduğu vurğulanır. Bildirilir ki, şəhərdə qədimlik və müasirlik vəhdət təşkil edir. UNESCO-nun Dünya İrsi Siyahısına daxil olan İçərişəhər, Qız qalası, "Alov qüllələri" kompleksi, Heydər Əliyev Mərkəzi və digər müasir tikililər artıq Bakının rəmzlərinə çevrilmişdir. Şəhərin parkları, yeni yeraltı keçidləri, təmiz küçələri buraya səyahət edənlərdə çox gözəl təəssürat yaradır. Bakının möhtəşəm gecə görüntüsü şəhərin qonaqlarını valeh edir.
Azərbaycanlıların olduqca qonaqpərvər olduğunu yazan müəllif turistləri bu ölkəyə səyahət etməyə çağırır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB