Aydın Hüseynov: "Son 10 ildə Azərbaycanın iqtisadi qüdrəti daha da yüksəlib"
"Son 10 ildə Azərbaycanın iqtisadi qüdrəti daha da yüksəlib, ölkədə işgüzar fəallıq artıb, regionlarda sahibkarlıq fəaliyyəti daha da genişlənib, ölkənin bütün coğrafi hüdudlarını əhatə edən iri infrastruktur layihələri həyata keçirilib". SİA-ya açıqlamasında iqtisadçı-ekspert Aydın Hüseynov belə deyib.
Onun sözlərinə görə, bölgələrdə ən müasir texnologiyaların tətbiq olunduğu və beynəlxalq tələblərə cavab verən rəqabətqabiliyyətli və ixracyönümlü məhsullar istehsal edən yeni müəssisə və obyektlər yaradılıb: "Son 10 ildə Azərbaycanda Ümumi Daxili Məhsul (ÜDM) 3,2 dəfə, adambaşına ÜDM-in həcmi 2,8 dəfə, qeyri-neft sektoru 2,6 dəfə artıb və ölkəmizdə orta illik iqtisadi artım 12,9 % təşkil edib. Minimum əmək haqqının məbləği ötən 10 ildə 11,7 dəfə artıb, yoxsulluğun səviyyəsi 2003-cü ildəki 49 %-dən 2013-cü ildə 5 %-ə düşüb. Strateji valyuta ehtiyatları 50 milyard dollara çatıb, xarici ticarət dövriyyəsi 6,6, ixrac 9,3, idxal 4,1, qeyri-neft ixracı 4,7 dəfə artıb. Dövlət büdcəsinin gəlirləri 16, orta aylıq əmək haqqı 5,5, pensiyalar 9,6, əhalinin əmanətləri 27, ümumilikdə ölkə iqtisadiyyatı 2 dəfə artıb. Ölkənin xarici borcu ÜDM-nin 7 %-ni təşkil edir ki, bu da ümumilikdə dünya ölkələri arasında ən az borc faizi göstəricisidir".
Ekspert bildirib ki, son illərdə ölkəmizin əldə etdiyi uğurlardan biri də "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması və təsdiq edilməsidir: "Bununla biz Azərbaycanın inkişaf etmiş ölkələr sırasında bərqərar olunmasına nail olduq. Konsepsiyanın icrası nəticəsində ölkə iqtisadiyyatı 2 dəfə artacaq ki, bununla da Azərbaycan dünya ölkələri arasında iqtisadi göstəricilərinə görə, şkala üzrə yüksək yer tutacaq".
Regional iqtisadi inkişafla əlaqədar qəbul edilən Dövlət Proqramlarının ölkə iqtisadiyyatının çoxşaxəli inkişafının təmin olunmasında mühüm rol oynadığını deyən Aydın Hüseynov diqqətə çatdırıb ki, Azərbaycanda yaradılan əlverişli sərmayə iqlimi və investisiya siyasəti nəticəsində daxili investisiyalar 14,6, qeyri-neft sektoruna investisiyalar 12,9 dəfə artıb: "Son 10 ildə regionlara bütün mənbələr hesabına 50,7 milyard manat vəsait yönəldilib. Ümumilikdə bu tədbirlər nəticəsində ölkədə 1,2 milyondan çox yeni, o cümlədən 900 min daimi iş yeri açılıb, 55,6 min yeni müəssisə yaradılıb. İş yerlərinin 80 faizə yaxını regionların payına düşür".
İqtisadçı-ekspert onu da qeyd edib ki, son illər dövlət tərəfindən ölkədə kifayət qədər inkişaf etmiş neft sektorunun qeyri-neft sektoru ilə əvəz edilməsi istiqamətində əsaslı addımlar atılır: "2014-cü ilin sənaye ili elan olunması isə Azərbaycanın yaxın gələcəkdə dünyada sənaye ölkəsi kimi özünü təsdiqləməsinə yardım edəcək. Bununla da, artıq Azərbaycan beynəlxalq bazara öz brendləri ilə çıxa biləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB