Azərbaycan-Rusiya biznes forumu keçirilib

Azərbaycan-Rusiya biznes forumu keçirilib

Bu gün İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Rusiya biznes forumu keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə rəsmi şəxslərlə yanaşı, hər iki tərəfdən sənaye, kənd təsərrüfatı, tikinti, təhsil, səhiyyə, turizm sahələrdə fəaliyyət göstərən 170-ə yaxın iş adamı iştirak edib.

Biznes forumda çıxış edən iqtisadiyyat və sənaye nazirinin müavini Sahil Babayev dövlət başçılarının iki ölkə arasında siyasi-iqtisadi əlaqələrin inkişafına böyük önəm verdiyini, Azərbaycan-Rusiya əlaqələrinin uğurları barədə məlumat verib.

Onun sözlərinə görə, Azərbaycan Rusiyanın federal subyektləri, o cümlədən Stavropol diyarı ilə fəal əməkdaşlıq edir: "Son 4 ildə Rusiyanın subyektləri ilə 16 biznes forum, işgüzar görüş və sərgi keçirilib. İqtisadiyyatın bir sıra sahələrində əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar var. Azərbaycanda Rusiyanın təqribən 570 şirkəti fəaliyyət göstərir, əsas kapitala təqribən 628 milyon dollar investisiya qoyulub. Son 10 ildə Azərbaycan Rusiya iqtisadiyyatına təqribən 1 milyard dollar investisiya yatırıb. İki ölkə arasında əmtəə dövriyyəsi ötən il təqribən 2,6 milyard dollar təşkil edib ki, bu da 2012-ci ildəkindən 10 faiz çoxdur. Bu gün keçirilən biznes forum da Azərbaycan və Rusiya Federasiyasının regionları arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi istiqamətində atılan növbəti addımdır və Azərbaycan-Rusiya iqtisadi əlaqələrinin inkişafına öz töhfəsini verəcək".

Biznes forumda çıxış edən Rusiya Federasiyasının Stavropol diyarının hökumət sədrinin müavini Andrey Murqa Stavropol diyarının Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu deyib. İqtisadiyyatın müxtəlif sahələri üzrə əməkdaşlığın genişləndirilməsi perspektivləri barədə danışan Rusiya rəsmisi iş adamlarını fəal əməkdaşlığa dəvət edib.

AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanın biznes və investisiya imkanlarına, Stavropol diyarının iqtisadi inkişaf naziri Yuri Kosırevoy isə ölkəsinin iqtisadiyyatına dair təqdimatlarla çıxış ediblər.

Biznes forum çərçivəsində Azərbaycan Ticarət və Sənaye Palatası və Stavropol Ticarət və Sənaye Palatası arasında, Azərbaycan Turizm Assosiasiyası və Stavropolun "Kurortlar Birliyi" Holdinqi arasında, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Rusiya Federasiyasının Müstəqil Həmkarlar İttifaqları Federasiyasının "Profkurort" Sanatoriya-Kurort Birliyi arasında əməkdaşlığa dair anlaşma memorandumları imzalanıb.

Tədbir çərçivəsində Azərbaycan və Stavropol diyarı barədə video çarxlar nümayiş olunub, iş adamları arasında ikitərəfli görüşlər keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə