Vahid Əhmədov: "Məcəllə qəbul olunandan sonra iqtisadiyyatda inkişaf müşahidə olunacaq" Açıqlama

Vahid Əhmədov: "Məcəllə qəbul olunandan sonra iqtisadiyyatda inkişaf müşahidə olunacaq" Açıqlama

"Son illər iqtisadi məsələlərlə bağlı bir çox vacib qanunlar qəbul olunub. Hazırda əsas vəzifəmiz Azərbaycanda gedən inkişafla əlaqədar müəyyən qanunlara lazımi dəyişikliklər etməkdir. Bu istiqamətdə də böyük işlər görülüb, qanunlar təkmilləşdirilib və indi həmin qanunlar müasir tələblərə cavab verir. Lakin elə qanunlar var ki, onlar bu gün qəbul olunmalıdır. Bunlardan biri olan Rəqabət Məcəlləsi Milli Məclisə 2007-ci ildə təqdim edilib və artıq bu sənəd iki oxunuşda qəbul olunub. Hazırda qanun layihəsi üzərində İqtisadiyyat və Sənaye Nazirliyi işləyir, sənəd təkmilləşdirilir". SİA-nın xəbərinə görə, bunu Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov parlamentdə müzakirəyə çıxarılması nəzərdə tutulan qanun layihərindən danışarkən deyib.

O bildirib ki, bu məcəllənin qəbulu iqtisadiyyatın, rəqabət qabiliyyətli məhsulların inkişafı, eyni zamanda azad rəqabətin təmin olunması üçün böyük əhəmiyyət kəsb edir: "Məcəllə qəbul olunandan sonra iqtisadiyyatda daha geniş inkişaf müşahidə olunacaq".

Millət vəkili həmçinin əlavə edib ki, reklamla bağlı qanunvericiliyə də dəyişikliklər edilməlidir: "Ölkənin inkişafı fonunda mövcud qanunvericilik günün tələblərinə cavab vermir. İndi elə elektron reklamlar var ki, bütün bunlar qanunvericilikdə əksini tapmalıdır. Artıq bu yöndə yeni layihə hazırdır və düşünürəm ki, sənəd bu ilin yaz, yaxud da payız sessiyasında qəbul oluna bilər".

Ölkədə gəmiçiliyin inkişafını nəzərə alaraq bu sahə ilə bağlı da qanunun qəbul olunması məqbul sayan komitə üzvünün sözlərinə görə, bu günə qədər bir dəniz limanı var idi: "Hazırda yeni dəniz limanı tikilir. "Dəniz limanları haqqında" qanun layihəsinin qəbulu Azərbaycanın Xəzər dənizində digər ölkələrlə liman əlaqələrinin genişlənməsinə və inkişafına olduqca böyük töhfə verəcək. Qanun layihəsi ölkənin dəniz limanlarında ticarət gəmiçiliyində yaranan münasibətləri tənzimləyəcək və Azərbaycanın Xəzər dənizindəki statusunu daha da möhkəmləndirəcək. Yeni qanun limanların inşası, açılması, bağlanılması, onlarda fəaliyyətin həyata keçirilməsi, habelə dəniz limanlarında fəaliyyətin dövlət tərəfindən tənzimlənməsinin əsaslarını müəyyən edir. Bu qanun xüsusi ərazidə və akvatoriyada yerləşən və ticarət gəmiçiliyi məqsədi ilə istifadə olunan gəmilərə və sərnişinlərə xidmət göstərilməsi, yüklərlə əməliyyatların aparılması və dəniz limanlarında həyata keçirilən digər xidmətlərin göstərilməsi üçün nəzərdə tutulub. Artıq bu sənəd növbəti oxunuş üçün hazırlanır".

Bütün xəbərlər Facebook səhifəmizdə