Azot-oksigen qurğusu üçün yeni tutumlar istifadəyə verilib

Azot-oksigen qurğusu üçün yeni tutumlar istifadəyə verilib

ARDNŞ-nin "Azərikimya" İstehsalat Birliyinin Etilen-polietilen zavodunda keçən ilin may ayında istismara buraxılan Azot-oksigen qurğusu üçün yeni ehtiyat tutumlar anbarı istifadəyə verilib. Qurumdan SİA-ya verilən məlumata görə, hər biri 125 kubmetr olan 16 ədəd tutumun quraşdırılması və mövcud sistemlə əlaqələndirilməsi nəticəsində Azot-oksigen qurğusu dayandığı hallarda etilen istehsalını müvafiq olaraq 20-28 saat ərzində yüksək və aşağı təzyiqli azotla təmin etmək mümkün olacaq.

Tutumların istifadəyə verilməsi ilə kompressorların işləmə müddətlərinin endirilməsi nəticəsində, onların istifadə dövrünün uzadılmasına şərait yaradılacaq, ən başlıcası isə elektrik enerjisinə əhəmiyyətli dərəcədə qənaət ediləcək. Bununla da Etilen-polietilen zavodunun istehsalat sahələrinin - "EP-300" və "Polimir-120" istehsalatların daha səmərəli, stabil və etibarlı fəaliyyəti təmin edilmiş olacaq.

Qeyd edək ki, "Azərikimya" İB-nin "Kimyalayihə" İnstitutunin layihələndirdiyi tutumlar anbarı Birliyin Təmir-tikinti İdarəsi tərəfindən quraşdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə