Murtuzəli Hacıyev: "Şaxtalı hava şəraiti məhsuldarlığa mənfi təsir etməyəcək" AÇIQLAMA
"Şaxtalı hava şəraiti bəzi çiçəkləmiş bitkilərə mənfi təsir etsə də, bunun məhsuldarlığa və məhsul istehsalına heç bir mənfi təsiri olmayacaq". Bunu SİA-ya açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev deyib.
Onun sözlərinə görə, şimal bölgəsindən nazirliyə verilən məlumata əsasən tumlu meyvələrdən alma və armud hələ ki, çiçəkləməyib: "Ötən gün Quba rayonunda 4 dərəcə şaxta olub. Çəyirdəkli meyvələrin hansı çiçəkləyibsə, təbii ki, şaxta onlara mənfi təsir edir. Çiçəkləmiş meyvələrə isə şaxtanın mənfi təsir göstərməsi gələcəkdə məhsuldarlığın az olacağı anlamına gəlməməlidir. Çünki hər bir bitkinin bioloji potensialı və məhsuldarlığı var. Qeyd edim ki, kəskin hava şəraiti xüsusilə Aran və qərb bölgələrində erkən çiçəkləmiş bitkilərə mənfi təsir göstərə bilər. Fermerlərə də bildiririk ki, əlavə aqrotexniki tədbirlərə əməl etdikdə itirilmiş məhsulu yatmış tumurcuqlar hesabına bərpa etmək mümkündür".
Qurum rəsmisi deyib ki, hava şəraitinin əlverişsiz keçməsi kənd təsərrüfatına həm müsbət, həm də mənfi təsir göstərir: "Kənd təsərrüfatı hava şəraitindən sığortalanmayan sahədir. Yağmurlu hava şəraiti əsasən taxılçılıq sahəsinə müsbət təsir göstərir. Belə ki, yağış və qar torpaqda münbitliyi artırır və bitkilərin inkişafına müsbət təsir edir. Tərəvəz bitkiləri isə adətən aprel ayının ikinci 10 günlüyündə və may ayının birinci 10 günlüyündə maya köçürür. Hazırda aqrar sahənin tərəvəz bitkiləri maya hazırlama dövründədir. Hava şəraitinin yağmurlu keçməsi isə torpaqda rütubətin toplanmasına yardım edir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB