Beynəlxalq sərgidə “TASİM” layihəsinin təqdimatı keçirilib

Beynəlxalq sərgidə “TASİM” layihəsinin təqdimatı keçirilib

Moskvada V "Transport Networks & Carrier Cloud" beynəlxalq konfrans keçirilib. SİA-nın xəbərinə görə, magistral şəbəkələri və "bulud" daşıyıcıları mövzusuna həsr edilən konfransda bir neçə istiqamət üzrə gündəmdə olan aktual məsələlər müzakirə edilib.

Tədbirdə magistral şəbəkələrin inşası, müştərək magistral şəbəkələrin inşası və istismarı, sadələşdirilmiş virtual gələcəyi müəyyən edən proqramlaşdırılma, 100 G şəbəkələrinin irimiqyaslı inşaatı kimi mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.

Beynəlxalq konfransda Rusiyanın telekommunikasiya sahəsində "Beeline", "MTS" kimi nəhəng şirkətlərlə yanaşı, "TASİM" layihəsi üzrə partnyoru olan "Rostelecom" şirkəti də iştirak edib. Tədbir zamanı "Trans-Avrasiya Super İnformasiya Magistralı" layihəsinin direktoru Zaur Həsənov çıxış edib.

"Tranzit marşrutundan "Tier-1" şəbəkəyədək "TASİM" layihəsinin təcrübəsi" başlıqlı çıxışında Z.Həsənov "TASİM" layihəsinin reallaşdırılmasının strateji xarakter daşıdığını, xüsusilə dövlətimizin Avrasiyada yerləşdiyi nəzərə alınarsa, "TASİM"-in Avropa və Asiya arasında ən qısa və sərfəli marşrutlardan biri olduğunu vurğulayıb.

Eyni zamanda konfransda müasir müştərək şəbəkələrin inşası və istismarı sahəsində mövcud suallar və problemlər barədə "TASİM" Katibliyi ilə dünyanın aparıcı şirkətləri arasında fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə