Martın 13-də Sahibkarlığa Kömək Milli Fondu "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbirini 100-ə yaxın sahibkarın iştirakı ilə Ağstafanın Dağ Kəsəmən kəndində keçirib. SİA-nın bölgə müxbirinin verdiyi xəbərə görə, tədbirdə sahibkarlarla Ağstafa rayonunun iqtisadi potensialının reallaşdırılması istiqamətində müzakirələr aparılmış və prioritet hesab olunan 50 başlıq südlük istiqamətli müasir ailə fermer və intensiv bağçılıq təsərrüfatlarının, çörək istehsalı, kiçik və ya orta həcmli meyvə qurutma və üzlük daş istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilmiş, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.
Sahibkarların investisiya layihələrinin güzəştli qaydada maliyyələşdirilməsi vəziyyəti barədə məlumat verən Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev qeyd edib ki, bu ilin ötən dövrü ərzində Fondun vəsaitləri hesabına ölkə üzrə sahibkarlıq subyektlərinin 666 investisiya layihəsinin maliyyələşdirilməsinə 25.3 milyon manat güzəştli kredit verilmişdir ki, bu kreditlər hesabına 1600-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə 48 sahibkara 1 milyon manatdan çox güzəştli kredit verilib. Verilmiş kreditlər əsasən, heyvandarlıq, quşçuluq, bağçılıq tərəvəzçilik, arıçılıq, çörək istehsalı və digər sahələrin inkişafına yönəldiləcəkdir. Bu kreditlər hesabına maliyyələşdirilən layihələrin həyata keçirilməsi 70-dən çox iş yerinin yaradılmasına imkan verir.
Kamran Əskiparalı, Ağstafa
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB