Vüqar Bayramov: "Fərmanın icra edilməsi sahibkarlıq sahəsində vəziyyəti yaxşılaşdıracaq "

Vüqar Bayramov: "Fərmanın icra edilməsi sahibkarlıq sahəsində vəziyyəti yaxşılaşdıracaq "

"Azərbaycan Respublikası Prezidenti İlham Əliyev martın 3-də "Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" fərman imzalaması hamıya məlumdur. Fərman eyni zamanda idxal-ixrac əməliyyatları zamanı tələb olunan sənədlərin, müddət və xərclərin azaldılması üçün qanunvericiliyə dəyişikliklər edilməsini də özündə ehtiva edir". Bunu SİA-ya açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, bu sahədə vəziyyət, təəssüf ki, qənaətbəxş hesab edilmir: "Bu istiqamətdə islahatların aparılması olduqca vacib idi. Belə ki, Dünya Bankının sözügedən məşhur hesabatına görə, Azərbaycan bu indikatora görə dünyada 168-cidir. İxrac üçün tələb edilən sənədlərin sayı 9, günlərin sayı isə 28-dir. OECD ölkələrində bu müvafiq olaraq 4 və 11-dir. Ölkəmizdə idxal üçün tələb edilən sənədlərin sayı 11, günlərin sayı isə 25-dir. Bu göstəricilərə görə OECD ölkələrinə uduzuruq: müvafiq olaraq, 4 və 10. Oxşar e-sistemin bu istiqamətdə də tətbiq edilməsi olduqca vacibdir. Ölkə Prezidenti eyni zamanda kreditlərin verilməsi prosesinə təsir edən təsisatların fəaliyyətinin təkmilləşdirilməsinə dair təkliflərini hazırlanmasını tapşırıb. Bu sahədə vəziyyət orta qiymətləndirilir. Belə ki, Azərbaycan bu göstəriciyə görə, dünyada 55-cidir. Ölkəmizdə vəziyyət OECD-ə üzv olan dövlətlər ilə, demək olar, eynidir. Sənədə görə, korporativ idarəetmənin təkmilləşdirilməsi və investorların maraqlarının qorunması ilə bağlı tədbirlərin həyata keçirilməsi tapşırılıb. Bu göstəriciyə görə, Azərbaycanın dünyada mövqeyi yaxşı hesab edilir: Dünya Bankı ölkəmizi 22-ci yerdə görür. Göstəricilər OECD-i ölkələri ilə tamamilə eynidir. Fərmana əsasən,"Müflisləşmə və iflas haqqında" Azərbaycan Respublikası Qanununun təkmilləşdirilməsinin də həyata keçirilməsi nəzərdə tutulub. Belə ki, Dünya Bankının hesabatına əsasən, Azərbaycan bu indikatora görə dünyada 86-cıdır. Müflüşləşmə üçün tələb edilən müddət 2,3 il, müflüşləşmə xərci isə əmlakın 8 faizi həcmindədir. OECD ölkələrində bu göstəricilər uyğun olaraq 1,7 və 9-dur. Deməli, bu sahədə əsas diqqət müddətin azaldılmasına yönəldilməlidir. Göründüyü kimi, fərmandan irəli gələn fəaliyətlərin icra edilməsi sahibkarlıq sahəsində vəziyyətin yaxşılaşdırılmasına təkan verməklə yanaşı. Azərbaycanın Dünya Bankının "Bizneslə Məşğul Olmaq" hesabatındakı mövqelərinin ciddi şəkildə güclənməsinə səbəb olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə