Yolçu Xanvəli: “Monitorinq keçirilməsi barədə Dövlət Baytarlıq Xidmətinə göstəriş verilib”

Yolçu Xanvəli: “Monitorinq keçirilməsi barədə Dövlət Baytarlıq Xidmətinə göstəriş verilib”

"Ölkəmizin bir sıra KİV-də İran İslam Respublikasının Mazandaran əyalətinin İRNA agentliyinə istinadən Xəzər dənizi sahillərində kefal balıqlarının ölüm hallarının günbəgün artması, balıqların virusa yoluxması və balıqlarda aşkarlanan xəstəliyin həm insan, həm də heyvanlar üçün təhlükəli olması barədə məlumatlar yer alıb". Bunu SİA- ya açıqlamasında Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli deyib.

Onun sözlərinə görə, bu məlumatlara istinad edən Kənd Təsərrüfatı Nazirliyi respublikanın Xəzər dənizi sahillərində və sahilə yaxın ərazilərdə monitorinq keçirilməsi və bu ərazilərin daim nəzarətdə saxlanılması barədə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinə göstəriş verib: "Bu göstərişə uyğun olaraq Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti ölkəmizin Xəzər dənizi sahili rayonlarının baytarlıq idarələrinə telefonoqrama göndərib. Telefonoqramada ölkəmizin dəniz sahili ərazilərində monitorinq keçirilməsi, ərazidə ölən və xəstəliyə şübhəli balıqlara rast gəlinərsə onlardan baytarlıq-sanitariya tələblərinə uyğun nümunələrin götürülməsi, müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilməsi və bu ərazilərin daim nəzarətdə saxlanılmasına dair ciddi tapşırıq verilib".

Bütün xəbərlər Facebook səhifəmizdə