DSMF sədri: "Sosial sığorta haqlarının 22%-i işəgötürənlərin payına düşür"

DSMF sədri: "Sosial sığorta haqlarının 22%-i işəgötürənlərin payına düşür"

"Bu gün ödənən sosial sığorta haqlarının ümumilikdə 25%-lik məbləğinin 22%-i işəgötürənlərin payına düşür. Bu bir çox hallarda işgötürənlərin yükünün artması və bu səbəbdən də onların insanları işə cəlb etməkdə marağının azalması kimi təqdim olunur". SİA xəbər verir ki, jurnalistlərə açıqlamasında Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev belə deyib.

Onun sözlərinə görə, hazırda DSMF bu məsələnin həlli üçün bir sıra variantları müzakirə edir: "Müzakirələr əsnasında müəyyən etməliyik ki, hansı alternativ mexanizmlərdən istifadə etməklə gələcəkdə işəgötürən işçi münasibətlərində sosial sığorta haqlarının optimallaşdırılması yolu ilə daha yüksək səmərəyə nail ola bilərik. Alternativ mexanizmlər sahəsində müxtəlif variantlar var. Bunlardan biri də yəni işəgötürənlə işçi üzərinə düşən sosial sığorta normativ payının müxtəlif dərəcələrlə bölüşdürülməsinin optimal variantlarıdır. Elə bir təcrübə seçməliyik ki, işəgötürənin üzərindəki payın azalması ilə yanaşı işçi üzərinə də həddindən artıq yük düşməsin. Həmçinin işəgötürənlər bütün əməkhaqlarının və iş yerlərinin leqallaşdırılmasında, işçilər isə işəgötürənlər üzərində nəzarət aparılmasında maraqlı olsunlar".

Fondun sədri bildirib ki, ötən dövr ərzində Dövlət Sosial Müdafiə Fondu, Vergilər Nazirliyi və Əmək Müfəttişliyi iş yerlərinin leqallaşdırılması ilə bağlı uğurlu tədbirlər həyata keçirib: "Lakin qeyd edim ki, bu tədbirlər yalnız inzibati xarakter daşıyıb. Tədbirlər nəticəsində 150 min nəfərlik yeni iş yeri DSMF sistemində sığortaolunanlar üzrə fərdi uçot sistemi qaydasında qeydiyyata alınıb. Bununla da onlara sosial sığorta nömrəsi verməklə onların sosial sığortaya cəlb etmişik".

Bütün xəbərlər Facebook səhifəmizdə