“Şəfa” stadionu yaxınlığında yeraltı keçidinin tikintisi başa çatıb
Bakı şəhərinin Heydər Əliyev prospektində, "Şəfa" stadionu yaxınlığında yeraltı piyada keçidinin tikintisini başa çatıb. Bu barədə SİA-ya Nəqliyyat Nazirliyinin "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib. O bildirib ki, piyada keçidinin uzunluğu 105 metr, eni 12 metr, hündürlüyü isə 3 metrdir.
Onun sözlərinə görə, keçidin dörd girişi və çıxışı var: "Həmin ərazi çox təhlükəli olduğundan, işlər tam yekunlaşmasa da, artıq vətəndaşlar keçiddən istifadə edirlər. Həmçinin piyada keçidində eskalatorlar, çəkiliş kameraları quraşdırılıb. Həmin ərazidə yeraltı tunelin tikintisi də yekunlaşır. Belə ki, tunelin uzunluğu 906 metr, eni isə 16 metr olacaq. Dörd zolaqlı tuneldə avtomobillərin hərəkəti iki istiqamətli olacaq. Tikinti işləri yan yollar və asfaltın vurulmasından sonra yekunlaşacaq. Ümumilikdə isə bu işlərin 2014-cü il ərzində yekunlaşdırılması nəzərdə tutulub".
P. Mürsəliyev onu da bildirib ki, əvvəllər Müzəffər Nərimanov küçəsindən gələn avtomobillər ancaq Heydər Əliyev prospektindən sağa dönməklə, şəhər mərkəzi istiqamətində hərəkət edə bilirdisə, tunel istifadəyə verildikdən sonra avtomobillər tuneldən keçərək yolunu əks istiqamətdə davam etdirə biləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB