Eyyub Hüseynov: "Quru çayların tərkibinə kimyəvi maddələr qatılır"
"Hazırda satışda olan qablaşdırılmış quru çayların keyfiyyəti barədə birmənalı fikir söyləmək mümkün deyil. Belə ki, istifadə etdiyimiz əksər quru çaylar dəmlənəndən yarım saat sonra dadını, rəngini itirir, bulanıq suya oxşayır". Bunu SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.
Onun sözlərinə görə, bu çay istehsalçılarının məhsulun tərkibinə boyayıcı maddələr əlavə etdiklərini deməyə əsas verir: "Bununla belə, Azərbaycanda çay bazarında satılan qablaşdırılmış çayın tərkibi ilə bağlı fikirlər mübahisəlidir. Satışdakı çayların keyfiyyətsizliyi ilə bağlı təşkilatımıza çoxlu sayda şikayət daxil olur. Azad İstehlakçılar Birliyi çayın tərkibini araşdırmaqla məşğul olub. İstehlakçılar belə hesab edirlər ki, məhsula kimyəvi rəng qatılır. Qara çayı soyuq suya atanda bir anın içərisində rəng verir. Çay yığılandan sonra qurudulur, fermentasiya olunur. Məhsula aromatik maddələr qatılır. Halbuki, əvəllər Azərbaycanda yetişdirilən ənənəvi çay dəmləndikdən sonra rəng verirdi".
Eyyub Hüseynov onu da qeyd edib ki, Azərbaycana çaylar emaldan keçəndən sonra gətirilir və burada qablaşdırılır: "Şri-lanka və Hindistanla əlaqələr saxlayıb bu işə aydınlıq gətirməyə cəhd etmişik, lakin nəticələr əldə edə bilməmişik. Vətəndaşlara məsləhət görərdik ki, yaşıl çaylara üstünlük versinlər. Çünki yaşıl çaylar emal prosesi zamanı, fermentasiya məruz qalmır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB